Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 13-də axşam videomüraciətində Şimali Koreyanın Rusiya ordusunu silah və şəxsi heyətlə təmin etdiyini bildirib.
“Biz görürük ki, Rusiya ilə Şimali Koreya kimi rejimlər arasında müttəfiqlik güclənir. Söhbət təkcə silahların daşınmasından getmir. Əslində söhbət Şimali Koreyadan insanların işğalçının hərbi qüvvələrinə köçürülməsindən gedir”, – deyə Zelenski bildirib.
O, həmkarlarını daha böyük müharibənin qarşısını almaq üçün Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.
“Hərbi cəbhənin daha çox dəstəyə ehtiyacı var. Biz Ukraynaya daha geniş imkanlar və qüvvələrimiz üçün daha qətiyyətli təchizat haqqında danışarkən, bu, təkcə hərbi imkanların siyahısı deyil. Söhbət təcavüzkara təzyiqin artırılmasından gedir”, – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Washington Post daha əvvəl Şimali Koreyadan olan bir neçə min əsgərin hazırda Rusiyada təlim keçdiyini və ilin sonuna kimi onların Ukrayna cəbhəsinə köçürülə biləcəyini yazıb.