Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Fransanın hazırkı prezidenti Emmanuel Makronun siyasətini sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, Fransa vətəndaşları Makronun səkkiz illik idarəçiliyindən və ölkəni düşürdüyü rüsvayçı vəziyyətdən beziblər.
“Fransa Makronun 8 illik rüsvayçılığından yorulub. Onun əsas problemi — elə özüdür”, – deyə Volodin “Mah” platformasında bildirib.
Volodinin fikrincə, Makronun başqa dövlətlərin daxili işlərinə qarışması, Aİ-də şəxsi güc uğrunda mübarizəsi və ambisiyaları Fransa xalqının ona olan etimadını tamamilə itirməsinə səbəb olub. Nəticədə, ölkə bütün sahələrdə böhranla üzləşib.
Dövlət Dumasının sədri əlavə edib ki, Fransanın dövlət borcu 3,4 trilyon avroya (bu da ÜDM-in təxminən 114%-i) çatıb. İqtisadiyyat durğunluq ərəfəsindədir, sənaye istehsalı isə azalmaqdadır.
Volodin həmçinin Makronu siyasi rəqiblərinə qarşı təzyiq göstərməkdə, onların seçki hüququndan məhrum edilməsində ittiham edib. Onun sözlərinə görə, prezident bu yolla daha populyar siyasətçiləri sıradan çıxarmağa çalışır. Lakin bu cəhdlər də Makronu xilas etmir.
“Makron hakimiyyəti hər vəchlə saxlamağa çalışacaq. İmpiçment təşəbbüsləri olsa da, o, mövqeyindən çəkilmək istəmir”, – deyə Volodin bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Fransa Milli Məclisində keçirilən iclasda deputatların əksəriyyəti Baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra hökumətə etimad göstərməyib.
Volodin vurğulayıb ki, artıq bir neçə partiya Makronu nazirlər kabineti ilə birlikdə istefaya çağırır.
Dövlət Dumasının sədri əlavə edib ki, son 9 ay ərzində Fransa hökumətinə iki dəfə etimadsızlıq səsi verilib. Bu üç haldan ikisi isə Makronun prezidentliyi dövründə baş verib. Onun fikrincə, bu, Makronun rəhbərlik etdiyi dövrdə növbəti antirekorddur.