Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın nüfuzlu nəşri The Wall Street Journal tərəfindən yayılan və Ukraynada 10 min nəfərlik xarici hərbi kontingentin yerləşdirilməsini nəzərdə tutan təhlükəsizlik zəmanətləri planına münasibət bildirib.
Ujhorodda keçirilən mətbuat konfransında çıxış edən dövlət başçısı təsdiqləyib ki, belə bir plan masadadır, lakin hələlik təfərrüatlar tam formalaşmadığı üçün bütün məlumatı açıqlamaq istəmədiyini bildirib.
“Bu, sadəcə bir neçə nəfərlə bağlı deyil, minlərlə hərbçidən söhbət gedir. Lakin konkret rəqəmləri açıqlamaq hələ tezdir”, – deyə Zelenski bildirib.
Zelenski əlavə edib ki, plan təkcə quru qoşunlarını deyil, hava məkanı və dənizdə koordinasiyanı da əhatə edir:
Hərbi təyyarələrin sayı;
Komanda heyətinin tərkibi;
Hava hücumundan müdafiə;
Dənizdə təhlükəsizlik tədbirləri.
Zelenskinin sözlərinə görə, bir neçə ölkə artıq Ukrayna ərazisində hərbi kontingent yerləşdirməyə hazır olduğunu ifadə edib. Bütün bu addımlar, onun fikrincə, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün sistemli və real tədbirlərdir.
Prezident vurğulayıb ki, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukrayna ordusunun sayı, silahlanma səviyyəsi və texnoloji təchizatı da əsas müzakirə mövzusudur:
“Müharibədən sonra da əlavə silahlar, yeni texnologiyalar və davamlı dəstək vacib olacaq”.
Qeyd: WSJ-nin məlumatına görə, ABŞ və Avropa ölkələri arasında Ukraynanın gələcək təhlükəsizliyinə dair razılaşdırılmış plan çərçivəsində 10 minə yaxın xarici hərbçinin Ukraynaya göndərilməsi nəzərdə tutulur. Bu addım Rusiya ilə mümkün danışıqlardan əvvəl Qərbin mövqeyini gücləndirmək məqsədi daşıyır.