image-4backend

Xalqını sevdiyi qədər sevilən insan

image-reklam_sirab_01

Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.

Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, 2005-ci ildən 2017-ci ilə qədər Milli Məclisin deputatı, Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini,  həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan – İrs” jurnalının baş redaktorudur.

Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.

Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır.  Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.

Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyü işlər göz qabağındadır. Xüsusən, onun xeyriyyəçilik işləri, ehtiyacı olanlara hədsiz qayğısı cəmiyyətdə minnətdarlıqla qarşılanır. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.

Mehriban xanım Əliyeva fəaliyyətində ölkədə təhsinin inkişafina qayğı xüsusi yer tutur. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə bu proqramla yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir.

Mehriban xanım Əliyevanın fəaliyyətində həssas əhali qruplarına qayğıkeş münasibətə xüsusi önəm verilib. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir Bu istiqamətdə həyata keçirilən işlərdə qazı və şəhid ailələrinin problemlərinin həlli hər zaman xüsusi diqqət mərkəzində olub. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı ilə əhatə olunub. Bununla başlı çox böyük işlər həyata keçirilir.

2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev Fondu olduqca vacib işlər görmüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilib, sosial vəziyyəti ağır olan ailələrin problemləri araşdırılaraq onlara müvafiq köməklik göstərilib.

Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də ölkəmizin idman həyatında böyük işlər görüb, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir. Yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş, Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb olmuşdur.

Bütövlükdə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. Mehriban xanım Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisini naminə çoxşaxəli fəaliyyəti ilə Prezident İlham Əliyevin və ona inanan, böyük ümidlər bəsləyən insanların etimadını doğrultmağı bacarıb.

                                          Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Nəticə yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki