image-reklam-veteninfo
image-1backend

Xəzər sahillərində oliqarxların səltənətinə son

image-reklam-veteninfo

Dənizkənarı torpaqların qanunsuz zəbtinə, özbaşına tikililərə və ayrı-ayrı şəxslərin Xəzər sahilində yaratdığı “xüsusi mülkiyyət zonaları”na qarşı yeni mərhələ başlayır

Prezident İlham Əliyevin Xəzər dənizinin Azərbaycan sektorunda sahilboyu ərazilərdə dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman ilk baxışdan inzibati qərar təsiri bağışlasa da, əslində, ciddi iqtisadi və ictimai əhəmiyyət daşıyır. Söhbət Azərbaycanın ən qiymətli təbii sərvətlərindən birinin – Xəzər sahillərinin idarə olunmasından gedir. Dənizə çıxışı olan torpaqların kommersiya dəyəri, burada tikilən istirahət mərkəzləri, restoranlar, otellər və bağ evləri uzun illərdir müxtəlif biznes maraqlarının diqqət mərkəzindədir. Vətəndaşların dənizə sərbəst çıxışının hasarlar və özəl obyektlərlə məhdudlaşdırılması, sahilboyu ərazilərdə qanunsuz tikinti və torpaq zəbtinə dair faktlar bu məsələnin nə qədər ciddi olduğunu göstərir.Fərmanın əhəmiyyəti də məhz bu problemin sistemli həllinə yönəlməsidir.

Sənəddə sahilboyu ərazilərdə torpaq idarəçiliyinin vahid dövlət siyasəti əsasında həyata keçirilməsinin Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunması mühüm dəyişiklikdir. Xidmətin işçi sayı 40 ştat vahidi artırılır. Nazirlər Kabinetinə isə altı ay müddətində sahilboyu ərazilərin xüsusi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılır. Daha bir mühüm məqam qanunsuz torpaq zəbtinin qarşısının alınması, inzibati və cinayət məsuliyyətinin gücləndirilməsidir. Coğrafi informasiya sistemləri əsasında elektron xəritələrin yaradılması, torpaqların istifadəyə və icarəyə verilməsinin “bir pəncərə” prinsipi ilə həyata keçirilməsi də nəzərdə tutulur. Bu, sahilboyu torpaqların kimə, hansı əsasla verildiyini və faktiki olaraq necə istifadə olunduğunu dövlət nəzarətində saxlamaq üçün yeni imkanlar yaradacaq.

Fərmanın icrasında ən vacib məsələ yalnız qanunsuz tikililərin sökülməsi deyil. Həmin torpaqların necə zəbt edildiyi, tikintilərə kimlərin şərait yaratdığı, hansı vəzifəli şəxslərin prosesdə iştirak etdiyi də araşdırılmalıdır. Əks halda, ayrı-ayrı hasarların və obyektlərin sökülməsi problemin kökünü aradan qaldırmayacaq.Dövlətin məqsədi qanuni fəaliyyət göstərən sahibkarları sıxışdırmaq deyil, hamı üçün eyni hüquqi qaydaları təmin etmək olmalıdır. Xəzərin sahilləri isə yalnız imkanlı şəxslərin və özəl obyektlərin istifadəsinə veriləcək ərazilər deyil.

Tanınmış vəkil Cavad Cavadov yeni fərmanı şərh edərkən deyib ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahilboyu ərazilərdə dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı fərman dənizkənarı torpaqların qanunsuz zəbtinə, özbaşına tikililərə və ayrı-ayrı şəxslərin Xəzər sahilində yaratdığı “xüsusi mülkiyyət zonaları”na qarşı yeni mərhələnin başlanğıcı olacaq: “İlk baxışdan inzibati qərar təsiri bağışlayan bu sənəd əslində ciddi hüquqi, iqtisadi və ictimai əhəmiyyət daşıyır. Bu fərman hüquqi-inzibati tənzimləmə sənədi olmaqla yanaşı, milli sərvətimizin qorunması və vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində atılmış mühüm addımdır. Azərbaycan vətəndaşının doğma Xəzərə sərbəst çıxışı müəyyən maraq dairələrinin beton hasarları, qanunsuz restoranları və süni maneələri arxasında məhdudlaşdırılıb. Halbuki qanunvericiliyə əsasən, Xəzər dənizinin sahilboyu mühafizə zolağı dövlət mülkiyyətidir və ümumi istifadə üçün nəzərdə tutulub. Prezidentin imzaladığı bu fərman göstərir ki, Xəzər sahilləri hər hansı bir məhdud zümrənin qapalı zonası ola bilməz, bura bütövlükdə Azərbaycan xalqının ümumi mülkiyyətidir”.

Cavad Cavadov fərmanın hüquqi və institusional baxımdan bir sıra ciddi üstünlüklər yaratdığını vurğulayıb. O qeyd edib ki, sahilboyu torpaq idarəçiliyinin vahid dövlət siyasəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi və ştat vahidlərinin artırılması pərakəndəliyə son qoyacaq: “Əvvəllər yerli icra strukturları və ya bələdiyyələr səviyyəsində müxtəlif bəhanələrlə torpaqların paylanması hallarına rast gəlinirdi. İndi isə coğrafi informasiya sistemləri əsasında elektron xəritələrin yaradılması və torpaqların ‘bir pəncərə’ prinsipi ilə istifadəyə verilməsi tam şəffaflıq yaradacaq. Hansı torpağın kimə, hansı hüquqi əsasla verildiyi rəqəmsal müstəvidə görünəcək ki, bu da korrupsiya və sui-istifadə hallarının qarşısını alacaq”.
Vəkil əlavə edib ki, sənədin məqsədi qanuni fəaliyyət göstərən sahibkarları sıxışdırmaq deyil, əksinə, hamı üçün bərabər hüquqi qaydalar yaratmaqdır: “Qanuni sənədlərlə, vergisini ödəyərək şəffaf işləyən iş adamları bu prosesdən zərər çəkməyəcək. Əksinə, qeyri-qanuni yollarla sahili zəbt edib haqsız rəqabət mühiti yaradanlar sistemdən kənarlaşdırılacaq”.
Bununla belə, Cavad Cavadov fərmanın icra mexanizmində diqqət yetirilməli olan həssas məqamlara və mümkün risklərə də toxunub. Onun fikrincə, Nazirlər Kabinetinə sahilboyu ərazilərin xüsusi statusunun və hüquqi rejiminin hazırlanması üçün verilən altı aylıq müddətdə bəzi məmur kateqoriyaları tərəfindən prosesin süni şəkildə ləngidilməsi və ya bürokratik əngəllərin yaradılması riski nəzərə alınmalıdır.

Milyonların “söküldüyü” yol – Fotosessiya

Hüquqşünas xüsusilə selektiv yanaşma təhlükəsinə diqqət çəkib: “Ən vacib məsələ qanunun aliliyinin hamıya eyni dərəcədə tətbiq olunmasıdır. Əgər söküntü və nəzarət tədbirləri yalnız sıradan vətəndaşların və ya kiçik sahibkarların tikililərinə şamil olunub, iri oliqarxik strukturların dəbdəbəli malikanələrinə və meqalayihələrinə toxunulmasa, bu, cəmiyyətdə islahatlara olan inamı ciddi şəkildə zədələyə bilər. İcra mexanizmi tamamilə qərəzsiz və universal olmalıdır”.
Cavad Cavadov həmçinin qeyd edib ki, sahilboyu obyektlərin taleyi həll olunarkən orada çalışan minlərlə insanın məşğulluq məsələsi və mülkiyyət hüquqlarının dəqiq hüquqi qiymətləndirilməsi unudulmamalıdır: “Söküntü işləri kortəbii şəkildə deyil, məhkəmə və qanunvericilik prosedurlarına tam uyğun aparılmalıdır. Eyni zamanda, təkcə hasarların sökülməsi ilə kifayətlənmək olmaz. Həmin torpaqları qanunsuz olaraq zəbt edənlərlə yanaşı, illərdir bu qanunsuz tikintilərə göz yuman, saxta sənədlər verən vəzifəli şəxslər də müəyyən edilərək inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yalnız bu halda Xəzər sahillərində ədalət tam bərpa oluna bilər”.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki