İspaniya millisinin futbolçusu Lamin Yamalın iyulun 13-də 17 yaşı tamam olacaq. Müqayisə üçün deyim ki, Pele 1958-ci ildə İsveçdə dünya çempionu adını qazananda 17 yaş 8 ay yaşı vardı.
“Barselona” klubunun əsas heyətində Yamal 15 yaş 9 aylığında meydana çıxıb və 16 yaşında “böyüklərin futbol” müqaviləsini imzalayan dünyanın ən gənc futbolçusu olub. 16 yaşı tamam olandan sonra onu İspaniya millisinə dəvət ediblər. 2023-cü ilin 8 sentyabrında ilk dəfə Gürcüstan millisinə qarşı oyuna çıxıb və qol vurub.
Onu futbol aləmində Messinin tapıntısı da adlandırırlar. Bunun maraqlı bir tarixçəsi var. Messi UNİCEF-in “xoş məramlı səfiri” olan vaxtlarda kasıb məhəllələrdə sosial layihədə iştirak edirmiş və təsadüfən Yamalın ailəsi dünya ulduzu ilə görüşmək püşkünü udub. Fotoqraf isə səhnənin canlı və təsirli alınması üçün kiçik bir vannada Messinin 6 aylığında olan körpə Yamalı çimizdirməsi səhnəsini yaradıb…
Amma bu görüş təsirsiz keçməyib. 7 yaşında Yamalı “Barselona”nın futbol Akademiyasına (məktəbinə) qəbul ediblər.
Yamal qarışıq Afrika ailəsinin məhsuludur: anası Ekvatorial Qvineyadan, atası isə Mərakeşdəndir. İspaniyada ailə Kiçik və kasıb bir qəsəbədə yaşayıb.
Yamal böyük futbola gələndən öz keçmişini ayaqlarına 304 N-si həkk edib. Bu nömrə onların yaşadıqları o kasıb məhəllənin poçt İNDEKSİ imiş.
2023-cü ildə “Barselona” f/k ilə ilk müqaviləsi qeyri-rəsmi məlumata görə, ildə 1,7 mln avro dəyərində olub və 3 il müddəti var. Euro-2024 oyunlarında isə Yamal-ın bazar qiymətinin artıq €78 mln-a qədər artdığı məlum olub.
Lamin Yamal Euro-2024 zamanı orta məktəbi bitirib. Özünün dediyinə görə, dərslərə getməyib, ancaq məşqlər arası on-line tədris alıb.