Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan namizədlərinin adlarını açıqladıqdan sonra ölkənin siyasi həyatında nəzərəçarpacaq canlanma yaranıb. YAP-ın siyahısı ətrafında başlayan müzakirələr gündəmi daha da zənginləşdirib.
Vətəninfo.az Yenisabah.az-a istinadla xəbər verir ki, hazırda adı ətrafında böyük ajiotaj yaranan namizədlərdən biri də Əlibala Səttar oğlu Məhərrəmzadədir. Onun namizədliyi 59 saylı Quba Seçki Dairəsindən irəli sürülüb.
Qeyd edək ki, Məhərrəmzadənin deputat olmaq iddiası onunla bağlı sensasion sayılacaq məlumatların tirajlanmasına səbəb olub. Mətbuatın yazdığına görə, Qubadakı “Şahdağ Turuskavets” sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadə borc içində “üzür”. Onun 10 milyon manata yaxın borcunun olduğu bildirilir. Maraqlıdır ki, Məhərrəmzadə bu xəbərləri təkzib etməyə həvəs göstərmir.
“Yeni Sabah” YAP-ın 59 saylı Quba Seçki Dairəsindən deputatlığa namizədi Əlibala Məhərrəmzadə ilə bağlı yeni məlumatlar əldə edib. Hakim partiyanın Quba rayon təşkilatının rəhbər şəxslərindən biri bizimlə söhbət zamanı İdarə Heyətinin bu qərarının qubalı YAP-çıların ürəyincə olmadığını bildirib. Onun sözlərinə görə, Əlibala Məhərrəmzadə əslən Qubadan olsa da, rayonla sıx əlaqəsi yoxdur. O, hətta YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Məhərrəmzadənin YAP-ın Quba təşkilatının heç bir toplantısına qatılmadığı deyilir. Bu üzdən də qubalı YAP-çılar onun namizədliyinə soyuq yanaşırlar.
Mənbə YAP Quba rayon təşkilatının Əlibala Məhərrəmzadənin namizədliyinin dəyişdirilməyi üçün İdarə Heyətinə müraciət etməyə hazırlaşdığını bildirib.
Bildirək ki, hazırda 59 saylı Quba Seçki Dairəsində Əlibala Məhərrəmzadənin iki əsas rəqibi var. Bunlardan biri Milli Məclisin deputatı Vahid Əhmədov, digəri isə tanınmış siyasi şərhçi Əliabbas Məhərrəmovdur.