Şimali Koreyanın hərbi fəaliyyəti Tokioda ciddi narahatlıq doğurmağa davam edir. Yaponiya hesab edir ki, Pxenyanın ölkəyə nüvə zərbəsi endirmək qabiliyyəti var. Vətəninfo.az İnterfaks agentliyindən əldə etdiyi məlumata görə , bu, Yaponiya Müdafiə Nazirliyinin 2026-cı il üçün illik hesabatı olan “Müdafiə Ağ Sənədi”ndə də sübut olunur.
Hesabatda deyilir ki, “Şimali Koreyanın hərbi fəaliyyəti Yaponiyanın milli təhlükəsizliyinə əvvəlkindən daha ciddi və dərhal təhdid yaradır”.
Qeyd olunur ki, KXDR-in hərəkətləri “regionun və beynəlxalq birliyin sülh və təhlükəsizliyini” ciddi şəkildə pozur.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, “Şimali Koreya altı nüvə sınağı keçirib və ballistik raketlərinə nüvə başlıqları quraşdırmaq üçün texnoloji imkanlara malik olduğuna inanılır. Bu raketlərin mənzili Yaponiya arxipelaqını əhatə edir və Yaponiyanı vurmağa imkan verir”.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Pxenyan son dərəcə sürətli tempdə ballistik və hipersəs raketlər hazırlamağa davam edir və həmçinin nüvə başlıqları daşımaq üçün nəzərdə tutulmuş uzun mənzilli qanadlı raketləri istifadəyə verməyə çalışır.
Bundan əlavə, Tokio KXDR-in Rusiya ilə əməkdaşlığından narahatdır.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, “Şimali Koreyanın silahlı qüvvələrinin Rusiya ilə hərbi əməkdaşlıq yolu ilə orta və uzunmüddətli perspektivdə gücləndirilməsi riski var ki, bu da Yaponiyanı əhatə edən regionun təhlükəsizliyi baxımından ciddi narahatlıqlar doğurur”.


























