Yaponiyanın mərkəzi və qərbində güclü küləklər, eləcə də leysan yağışlarla təsirini göstərən Lan tayfunu nəticəsində 20 nəfər xəsarət alıb.
Vətəninfo.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin Honsyu bölgəsindəki Kii yarımadasına çatan tayfunun ölkənin şərq və şimalındakı Hokkaydoya doğru istiqamətlənəcəyini bildirib.
Təbii fəlakət nəticəsində çaylar öz məcrasından çıxıb, binalara ziyan dəyib, tayfun nəticəsində nəqliyyatın hərəkəti iflic olub.
Yaponiyanın NHK telekanalı Hyoqo, Osaka, Kyoto, Şiqa və Vakayama prefekturalarında tayfun nəticəsində 20 nəfərin xəsarət aldığını bildirib.
Qasırğanın vurduğu ərazilərdə yerli bələdiyyələr 230 mindən çox sakinə daha təhlükəsiz binalarda sığınacaq axtarmaları barədə xəbərdarlıq edib.
Kyodo News-un yaydığı məlumata görə, qasırğa səbəbindən Osaka prefekturasının Kansai Beynəlxalq Hava Limanında təxminən 650 nəfər qapalı qalıb, uçuşlar ləğv edilib.
Yaponiyanın iki ən böyük aviaşirkəti olan Japan Airlines (JAL) və All Nippon Airways (ANA) 560-dan çox uçuşu ləğv edib.


























