Yaşadığımız həyatda yaş faktorunu nəzərə almayan ehtiyaclardan biri də valideynə olan ehtiyacımızdır. Elə bir yaş dövrü yoxdur ki, o mərhələdə valideynə mənəvi ehtiyac duymayasan.
Hələ ki bu qayğıya möhtac olan körpələr, azyaşlılar, yeniyetmələr ola…
Valideyn qayğısından məhrum uşaqlar fiziki, zehni və sosial inkişaf baxımından hər zaman risk qrupunda yer alır, bu riskin təsiri ilə də psixoloji sarsıntılarla yaşamağa məhkum olurlar.
Sağlam ailə quruluşunda şəfqət və məhəbbət ifadə edən ana fiquru, qoruma və hakimiyyəti təmsil edən ata fiqurunun varlığı öz sözünü deyir. Burada zorakılığın və cəzanın tətbiq olunduğu patriarxal, ultra-mühafizəkar strukturdan söhbət getmir.
Ata dediyimiz- ailə hakimiyyətinin təməli olan insan bu hakimiyyəti qoruyub saxlamağı və düzgün yönləndirməyi bacararsa, ailə qurumu doğru yöndə istiqamətlənir ki, bundan da ilk nəsibini alan övladlar olur.
Ailədə hakimiyyət- ailə qaydalarını qurmaq və qaydaların həyata keçirilməsini təmin etməklə bütövlüyü qorumaq deməkdir. Bu da atanın başçılığı ilə olsa da, ananın da bu sahədə rolu danılmazdır. Ananın təbliğatı və düzgün tərbiyə üsulu ilə bütün ailə üzvləri avtoritet fiqurunu qəbul etməli və qaydaları mənimsəməlidirlər. Bu ən birinci uşaqlarımızın düzgün formalaşmağı üçün çox vacibdir.
Yaşadığımız zəmanədə “qadın-kişi bərabərliyi” termini bəzən yanlış dəyərləndirilir, tamamilə fərqli yola sürüklənir. Bu bərabərlik düşüncəsi heç də kişinin aildəki üstün rolunu inkar etməməlidir. Bərabərlik anlayışını doğru analiz edə bilməyən zaman da qadının düşüncələri və fikirləri yanlış şəkildə əks oluna bilir.
Mövzumuzda bəhs etdiyim “hakimiyyət” əsla qadının ailədə rolunu kiçiltmir. Əksinə daha da qüvvətli edir. Düşünün, ailəni doğru yönəldən insanın hakimiyyətindən qadına niyə zərər gəlsin ki? Güclü ata fiquru ananı da güclü edər, iki valideynin həmrəyliyindən də gələcəyin güclü şəxsiyyətləri, ailə başçıları formalaşar. Bu da yeganə xilas yolu deyilmi?
Əksini iddia etmək olmaz, belə olan halda, ailə içi uyğunsuzluğun nəticəsində ya düzgün formalaşma getməyəcək, yanlış tərbiyə mühiti yaranacaq, ya da o ailə dağılacaq.
Nəticədə valideyn himayəsindən məhrum qalan yarımçıq uşaqların göz yaşını çarəsiz-çarəsiz seyr etməyə məhkum olacağıq.
Bəs valideynliyin nə olduğunu dərk etməyənlər necə? Düzgün tərbiyə üsulunu onlara anlatmağın nə mənası, bir halda ki özləri bundan bixəbər böyüyüblər. Övlad dünyaya gətirməyin məsuliyyətini anlamadan “valideyn” adı ilə özlərini şərəfləndirməyə tələsənləri necə islah edək bəs?! Bunun da bir yolu olsa kaş ki…
Hər baxışında bir məzəmmət, bir şikayət yatan o körpələrin ahı ilə yastığa necə rahat baş qoya bilirsiniz? Nə vadar etdi sizi övladınızdan imtina etməyə? Çarəsizlikmi? Yoxsulluqmu? Ehtiyacmı,qorxumu? Yalnızlıqmı? Nə? Nə?…
Hansı fəlakət baladan imtinaya səbəbiyyət verir, hansı qarşısı alınmaz çətinlik, dözülməyən şərait övladdan əlinizi üzür?
Valideyn tanıyıram, həyatını təhlükəyə atan övladından belə əl çəkmir, fiziki sağlamlığını önəmsəmir, əqli zəif inkişaf etmiş zəif uşağına ömrünü həsr edir. Rəsmən qurban olur övladına…
Bəs…Siz nəyin bəhanəsini gətirirsiniz? Çoxmu ağır gəldi sizə övlad saxlamaq? Çoxmu çətindir, dözülməzdir, mümkünsüzdür ?
Dünyaya gətirməyin o zaman, yaşayacağınızı öncədən hesablayın, sizlərin günahının bədəlini o körpələr ödəməyə məcbur deyillər. Valideyn adına ləkə gətirməyin, ananın müqəddəsliyinə, ata adının aliliyinə xələl gətirməyin.Gün gələr, həmin o körpənin qayğısına möhtac qalarsınız, ki, bu reallıqdır, çox zaman baş verir.
Körpənizdən vaz keçməyin, onları yad qayğıya möhtac buraxmayın, həyatda siz istədiyiniz müddətcə bacarılmayan iş, keçilməyən çətinlik yoxdur.
Ya ailənizin təməlini doğru qurun, həyat yoldaşınızdan ayrılsanız belə, övladınızdan ayrılmayın, talaq övlada şamil edilməz. Ya da yalnızlığa əvvəldən məhkumsunuzsa, övladınızdan vaz keçməyin. Bəli, ya,ya da fərq etməz, hər iki cümləmin sonu eynidir,ÖVLADINIZDAN VAZ KEÇMƏYİN! Min yol ayrıcında qalsanız belə, övladınızı seçin. Bu yolun ucu ölüm olsa da. Şəxsən mən belə düşünürəm, sonu ölüm olan yolda belə övladdan keçmək olmaz. Elə bu da valideyni müqəddəs edən əməl deyilmi?
Allah eşqinə, körpələri atmayın… Dünya qan gölünə boğulacaq, o körpələrin göz yaşından.