Böyük Britaniya İsrailin Qəzzadakı hərəkətlərini əsas gətirərək israillilərin Böyük Britaniyanın Müdafiə Tədqiqatları üzrə Kral Kollecinə qəbul edilməyəcəyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, 2026-cı ildən etibarən israillilər artıq 1927-ci ildən bəri dünyanın müxtəlif ölkələrindən yüksək rütbəli zabit və dövlət rəsmilərinin təhsil aldığı kollecdə təhsil ala bilməyəcəklər.
Bu qərar israillilərin Uinston Çörçillin hərbi və mülki liderlər arasında beynəlxalq anlaşmanı təşviq etmək məqsədilə təsis etdiyi quruma girişinə rəsmi qadağa qoyulması kimi qiymətləndirilir.
Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, İsrailin Qəzzadakı hərbi əməliyyatları “yanlış” hesab olunur və bu səbəbdən hökumət belə bir addım atmaq qərarına gəlib.
Qərar İsraildə ciddi narazılıq doğurub. Kollecin məzunu olan və hazırda İsrail Müdafiə Nazirliyinin baş direktoru vəzifəsini tutan Əmir Baram bu addımı “müharibədəki müttəfiqə sədaqətsizlik” kimi qiymətləndirib.
Baram Müdafiə Nazirliyinə ünvanladığı məktubda qərarı “ayrı-seçkilik aktı” və “Britaniyanın tolerantlıq və sağlam düşüncə prinsiplərini açıq şəkildə pozan bir addım” adlandırıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla təxminən 65 min fələstinli həyatını itirib.