Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tamamilə itirib.
Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Yəmənin Cənub Qüvvələri komandanlığının açıqlamasına görə, hökumətyönlü qüvvələrin həmin ərazilərdən geri çəkilməsi hərbi qüvvələrin yenidən təşkili və digər istiqamətlərdə mövqelərin gücləndirilməsi məqsədi daşıyır. Bildirilib ki, əsas prioritet Ədən şəhərinin və qonşu əyalətlərin təhlükəsizliyinin təmin edilməsi, həmçinin Taiz şəhərinin husilərin mühasirəsindən çıxarılmasıdır.
Hökumət qüvvələrinin geri çəkilməsi husilərin Ədənə şimal və qərb istiqamətlərindən giriş qapısı hesab edilən Ləhc əyalətində irəliləməyə çalışdığı bir vaxta təsadüf edir.
Husilərin nəzarətində olan SABA informasiya agentliyi isə hərbi mənbəyə istinadən hökumətyönlü silahlı birləşmələrin şiddətli döyüşlərdən sonra itkilər verərək Ədən istiqamətində geri çəkildiyini iddia edib.
Yəməndə husilərlə beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ildən davam edir. Münaqişəyə regional güclərin müdaxiləsi ölkədəki vəziyyəti daha da mürəkkəbləşdirib.
Məlumata görə, 2026-cı ilin avqustunda “Ənsar Allah” hərəkatı ölkənin cənub-qərbində hərbi əməliyyatlara başlayıb. Sentyabrın 10-11-də isə husilər Moxa liman şəhəri və Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərə nəzarəti ələ keçiriblər.
**Yəmən ordusu beynəlxalq ictimaiyyətə müraciət edib**
Yəmən hökumətinin tabeliyindəki silahlı qüvvələr beynəlxalq ictimaiyyəti Bab əl-Məndəb boğazının husilərin nəzarətindən çıxarılmasına dəstək verməyə çağırıb.
“Al Jazeera”nın məlumatına görə, Yəmən ordusunun sözçüsü, polkovnik Məcid əl-Nuzeyli Bab əl-Məndəb boğazının beynəlxalq gəmiçilik və ticarət baxımından strateji əhəmiyyətini vurğulayıb.
O bildirib ki, boğazın və ölkənin qərb sahilinin azad edilməsi Yəmən Silahlı Qüvvələrinin əsas vəzifələrindən biridir.
Əl-Nuzeyli, həmçinin cənub qüvvələrinin Ədənin və digər cənub əyalətlərinin müdafiəsində, eləcə də Taiz şəhərinin mühasirəsinin yarılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Taizin husilərin mühasirəsindən çıxarılması hazırkı şəraitdə milli vəzifədir.
Qeyd edək ki, Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən strateji dəniz dəhlizidir. Bu boğaz dünya ticarəti, xüsusilə Asiya ilə Avropa arasında dəniz daşımaları və enerji resurslarının nəqli baxımından mühüm əhəmiyyət daşıyır. Boğaza nəzarət uğrunda mübarizə Yəməndəki münaqişənin regional və beynəlxalq təhlükəsizlik ölçüsünü daha da artırır.


























