Dünyaca məşhur aktyor Robert Pattinsonun yeni Ceyms Bond seçildiyi barədə yayılan məlumatlar kino dünyasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 40 yaşlı britaniyalı aktyorun Daniel Kreyqi əvəz edərək əfsanəvi agent 007 obrazını canlandıracağı iddia edilir.
Məlumata görə, Ceyms Bondun rəsmi İnstaqram hesabında noyabrın 16-da Pattinsonun yeni Bond kimi təqdim edildiyi paylaşım yayılıb. Aktyorun əlində silah tutduğu fotonun yer aldığı paylaşımda “Robert Pattinson Ceyms Bonddur” ifadəsi işlədilib.
Pattinson da xəbərə münasibət bildirərək 007 roluna dəvət edilməsini həyatının ən böyük şərəflərindən biri adlandırıb. O, bu obrazı canlandırmağın uşaqlıq arzularından biri olduğunu vurğulayıb və layihənin yaradıcı heyətinə təşəkkür edib.
Aktyorun adı rəsmi elandan təxminən bir həftə əvvəl Bond namizədləri arasında hallanmağa başlamışdı. Bundan əvvəl Cek Louden və Kallum Terner də əsas namizədlər sırasında göstərilirdi.
Robert Pattinson geniş tamaşaçı auditoriyasına ilk növbədə “Alatoran” film seriyasında canlandırdığı Edvard Kallen obrazı ilə tanınıb. Sonrakı illərdə o, fərqli janrlarda çəkilərək aktyor diapazonunu nümayiş etdirib. Onun diqqətçəkən layihələri arasında “Betmen” və “Odisseya” filmləri də var.
Yeni Bond filminin rejissoru Denis Villeneuve olacaq. Layihənin prodüserləri Emi Paskal və Devid Heyman, icraçı prodüseri isə Taniya Lapointedir. Filmin ssenarisini Stiven Nayt yazacaq.
Amazon MGM Studios-un rəhbəri Mayk Hopkins Pattinsonun mümkün təyinatını franşiza tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Onun sözlərinə görə, aktyorun istedadı və ekran xarizması məşhur obrazın yeni təqdimatına imkan verəcək.
Pattinsonun Bond obrazı birmənalı qarşılanmayıb
Yeni 007-nin kim olacağı ilə bağlı müzakirələr sosial şəbəkələrdə fərqli reaksiyalar doğurub. Bir qrup pərəstişkar aktyorun seçimini dəstəkləyərək onun nəslinin ən istedadlı sənətçilərindən biri olduğunu bildirib.
Digər istifadəçilər isə Pattinsonun artıq Betmen obrazı ilə tanındığını və onun Ceyms Bond rolunda tamaşaçılar tərəfindən necə qəbul ediləcəyinin sual doğurduğunu qeyd ediblər.
Bəzi tənqidçilər aktyorun Bond obrazı üçün xarakterik hesab edilən zəriflik, xarizma və özünəinam xüsusiyyətlərinə uyğunluğunu şübhə altına alıblar. Hətta sosial şəbəkələrdə onun filmin baş mənfi obrazını canlandırmasının daha uğurlu seçim ola biləcəyi barədə fikirlər səsləndirilib.
Bununla belə, Pattinsonun tərəfdarları aktyorun mürəkkəb və qeyri-ənənəvi personajları canlandırmaq təcrübəsinin onu 007 obrazı üçün maraqlı namizədə çevirdiyini düşünürlər.
Qeyd edək ki, Daniel Kreyq də 2005-ci ildə Ceyms Bond roluna seçilərkən oxşar tənqid və etirazlarla üzləşmişdi. Lakin sonradan o, obrazın ən yadda qalan ifaçılarından birinə çevrildi.
İndi əsas müzakirə mövzusu Robert Pattinsonun Bond obrazına necə yanaşacağı və tamaşaçıların onu əfsanəvi agent kimi qəbul edib-etməyəcəyi olacaq.


























