Gününüz mübarək, əziz müəllimlər,şagird və tələbələr, eləcə də tədris ili yolçularına evdən “yaxşı yol” arzulayanlar.
Sentyabr ayı dedikdə yalnız məktəbli ləvazimatları düşünən, tədris ilinin müvəffəqiyyətini dərs rübü vərəqindəki “əla” qiymətində görən bütün valideyn və uşaqlara məsul şəxslər, sizin də gününüz mübarək. Ənənəvi təbrik şablonlarından real söhbətlərə yol almaq istəyirəm.
Həyatın bütün sınaqlarına başlayan pilləkəndir məktəb ocaqları; övladlarımızı real və müstəqil həyata hazırlayan. Məktəb ocağını podium kimi düşünməyin, uşağı təlim-tərbiyə ilə, biliklə bəzəyək. Geyimə görə qarşılanmağın sonunda yola salınarkən verilən mənəvi dəyərlər əsasında formalaşan münasibət də var axı.
Vallah, eyni formanı iki il geyinəndə, eyni çantanı iki il kürəyə taxanda əskilən bir şey olmur, geyimin içindəki əskilmədikdən sonra. Çantanın qopmuş yerlərini iynə-ipliklə bərkidəndə də heçnə olmur, əsas odur ki, kitabları içində daşıya bilir, məktəbliyə yardım vasitəsi olmaqdan çıxmır. Bu utanc deyil, geri qalmışlıq deyil, əziz tələbələr,şagirdlər, əziz valideynlər. Allahın bəxş etdiyi ərmağan övladlardır, maddi nemətlər,imtiyazlar gələr də,gedər də. Əsas odur , bəxş olunan əmanətləri qoruya bilək, lazımi səviyyədə yetişdirə bilək, Vətənə, millətə xeyirli şəxslərdən olsunlar. Mənzilbaşına çatdıqdan sonra yolun nahamarlığı, çətinliyi bir xatirə kimi qalır, önəmli olan məqsədinə nail olmaqdır.
Saçları əndazədən çıxmış ,pərişan telli məktəbli qızlar yox, qoşa hörüklü sadə mələklər gözəldir. Qulaqcığı qulağında, saqqızı ağzında, saymazyana, ədabaz qızlar yox, dərsə yaxşı cavab verməyəndə kövrələn saf qızlar gözəldir. Moda jurnallarından peyda olmuş qəribə stilli gənclər yox, gözümüzü,könlümüzü oxşayan azərbaycanlı imicinə xas gənclər gözəldir.
Bütün bu gözəllikləri təlqin edə bilən valideynlər gözəldir, “qonşudan geri qalma” prinsipi ilə yaşayanlar yox. Bizim uşağımızı qonşunun uşağından əskik edən onun köhnə model ayfon istifadə etməyi deyil, tədris ilində göstərə bilmədiyi yaxşı nəticələridir. Filankəslərlə özümüzü bir tərəziyə qoymayaq, insan aid olmadığı yerdən tez sürüşüb düşür. Kim necədirsə, nəyi varsa, onunla gözəldir. Olanımıza qane olub, övladlarımızı düzgün yetişdirməklə məşğul olaq.
Məsələn; yuxarıdan aşağı baxmamağı öyrədək, istehzalı və kinayəli düşüncələrdən uzaq tutaq, lağ obyekti etdikləri geyim və davranış tərzlərinə daha diqqətli, anlayışlı davranmalarını öyrədək.
İnsan övladı hər mərtəbədə eynidir, qızıldan taxtın üstündə oturan da, quruca baxta şükür edən də. İnsanı insanlığına görə dəyərləndirməyi öyrədək. Dünyanı və insanlığı yüksək mənəviyyat önə aparır. Mənəviyyatı zəngin övladlar yetişdirə bilsək, gözümüz aydın, hər günümüz mübarək olar.
Mübarəksiniz…
Gülər Mübariz