Vətəninfo.az xəbər verir ki, Rusiyanın bir sıra bölgələrində Coxsackie virusunun sürətlə yayılması müşahidə olunub. Yerli mətbuatın məlumatına görə, infeksiyanın əsasən məxmər mövsümündə daha isti iqlimlərdə istirahət edən turistlər vasitəsilə ölkəyə daxil olduğu ehtimal edilir.
LabQuest tibb şirkətinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vera Serejina bildirib ki, virusun yayılması hal-hazırda geniş coğrafiyanı əhatə edir. Onun sözlərinə görə, Vladimir, Ufa, Tümen, Arxangelsk vilayətləri və Krasnoyarsk diyarında epidemiya hallarına rast gəlinib.
“Coxsackie virusunu məxmər mövsümündə isti ölkələrdə istirahət edən turistlər Rusiyaya gətirmiş ola bilər. Hazırda bu infeksiya ölkənin müxtəlif bölgələrində yayılıb,” – deyə Serejina “İzvestiya”ya açıqlamasında bildirib.
Virusdan ən çox zərər görən qrup isə altı yaşdan kiçik uşaqlardır. Onlar infeksiyaya qarşı daha həssas hesab olunur.
Mütəxəssislər virusun əsas simptomları kimi aşağıdakıları qeyd edirlər:
Yüksək hərarət (39°C-yə qədər)
Boğaz ağrısı
Əl, ayaq və ağız boşluğunda səpkilər
Coxsackie virusu həm təmas, həm də hava-damcı yolu ilə ötürülür. Eyni zamanda çirkli əllər, gigiyenik qaydalara əməl olunmayan yeməklər və su da infeksiyanın yayılmasında rol oynaya bilər.
Həkimlər əhalini, xüsusilə valideynləri gigiyenaya ciddi əməl etməyə və uşaqların sağlamlıq vəziyyətinə diqqətlə yanaşmağa çağırırlar. Hazırda bəzi bölgələrdə profilaktik tədbirlər gücləndirilib.