Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis Türkiyə ilə problemlərin dialoq yolu ilə həllinin davam etdirilməsinin zəruri olduğunu bildirib.
Yorqos Gerapetritis SKAI telekanalına müsahibəsində Türkiyə-Yunanıstan əlaqələrini və Yaxın Şərqdəki hadisələri qiymətləndirib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə ilə açıq dialoq kanalları sayəsində gərginliyin böhrana çevrilmədən qarşısının alındığını ifadə edən Yorqos Gerapetritis deyib: “Bütün hallarda suveren hüquqlarımızı qorumağa və problemləri dialoq yolu ilə həll etməyə davam etməliyik” .
Yorqos Gerapetritis iyulun 29-da Krit-Cənubi Kipr arasındakı elektrik kabeli ilə bağlı aparılan dəniz araşdırması ilə əlaqədar dezinformasiyanın olduğunu ifadə edərək araşdırma gəmisinin planlaşdırılandan daha uzun müddət bölgədə qaldığını və Türkiyə ilə qarşıdurma riskinin olmadığını vurğuladı.
Tədqiqat işləri üçün Türkiyədən icazə alınmadığını ifadə edən Yorqos Gerapetritis deyib: “Türkiyə ilə dialoq kanalları hər zaman açıq olub və gərginliyi azaltmaq üçün bu kanallardan istifadə edilib. Uzunmüddətli sülh, müstəsna iqtisadi zona və dəniz dibi sahəsinin düzgün müəyyən edilməsi ilə mümkün olacaq”.
Yaxın Şərqdəki hadisələrin geniş bir bölgəyə təsir göstərə biləcək domino effekti yarada biləcəyinə diqqət çəkən Yorqos Gerapetritis Qəzza və digər Yaxın Şərq bölgələrində mövcud humanitar böhranın zamanla daha da pisləşəcəyini və köç axınının artacağını proqnozlaşdırdı.


























