Yunanıstanın müxtəlif bölgələrində davam edən meşə yanğınları arasında liman şəhəri Patrasda gümrük idarəsinin dayanacağında 550 avtomobil yararsız vəziyyətə düşüb.
Vətəninfo.az xəbər verir ki, ölkənin qərbində, Ahaia bölgəsində yerləşən və Atina, Salonikidən sonra üçüncü böyük şəhər olan Patrasda meşə yanğınları hələ də davam edir. Yanğın şəhər ərazilərinə yayıldıqca, Patras Gümrük İdarəsinə məxsus parkinqdə dayanmış avtomobillər də zərər görüb.
Rəsmi şəxslər bildiriblər ki, yanmış avtomobillərin çoxu artıq istifadə müddətini başa vurmuş, hətta hərracda belə satıla bilməyəcək vəziyyətdə olan nəqliyyat vasitələridir. Açıq havada saxlanılan avtomobillərin əksəriyyəti yanaraq yararsız hala gəlib.
Son iki gündə ölkə üzrə baş vermiş meşə yanğınları təxminən 10 min hektar ərazini külə çevirib.
Mora yarımadasının cənubunda başlayan yanğın şəhər ərazisinə yaxınlaşdığından, Patras bələdiyyəsi bəzi qəsəbələrin sakinləri üçün şəhər mərkəzinə təxliyə əmri verib. Təxliyə olunan vətəndaşların şəhərdəki stadyumda yerləşdiriləcəyi bildirilib.