Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis fevralın 11-də Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Liderlərin həmsədrliyi ilə keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirlərinin iştirakı nəzərdə tutulur.
Şura çərçivəsində Türkiyə-Yunanıstan münasibətlərinin bütün istiqamətləri ətraflı müzakirə ediləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları nəzərdən keçiriləcək. Danışıqlarda regional və qlobal proseslərin də gündəmdə olacağı bildirilib.
Rəsmi dairələr səfəri iki ölkə arasında son dövrdə müşahidə olunan müsbət dinamikanın qorunması baxımından əhəmiyyətli addım kimi qiymətləndirirlər. Tərəflər xüsusilə ticarət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirir. Hazırda əsas hədəf ikitərəfli ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır.
“Pozitiv gündəm” çərçivəsində səhiyyə, ətraf mühit, mədəniyyət, turizm və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Rəsmi Ankara və Afina qarşılıqlı səfərlər və yeni razılaşmalar vasitəsilə bu prosesin davam etdiriləcəyini bildirirlər.
Bununla yanaşı, Türkiyə və Yunanıstan arasında Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Mübahisələrə dəniz yurisdiksiyası, hava məkanından istifadə, dəniz altı sərhədlərin müəyyənləşdirilməsi və Şərqi Egey adalarının statusu daxildir.
Türkiyə tərəfi beynəlxalq hüquqa əsaslanan dialoqun tərəfdarı olduğunu vurğulayaraq, Egey və Şərqi Aralıq dənizlərində öz qanuni hüquq və maraqlarını qorumaqda qətiyyətli olduğunu bildirir.
Son illərdə Yunanıstanın İsrail və Cənubi Kipr Yunan Administrasiyası ilə müdafiə sahəsində əməkdaşlığını genişləndirməsi də regionda diqqət çəkən məqamlardandır. Rəsmi Ankara isə Şərqi Aralıq dənizində bütün tərəfləri əhatə edən inklüziv təhlükəsizlik mexanizmlərinin yaradılmasının vacibliyini dəfələrlə bəyan edib.
Qeyd edək ki, 2023-cü ilin sonunda Afinada keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası yeddi illik fasilədən sonra baş tutmuş və tərəflər bunu münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmişdilər. 2024-cü il ərzində isə müxtəlif səviyyələrdə dialoq və etimad quruculuğu tədbirləri davam etdirilib.


























