Vətəninfo.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkə daxilində Azərbaycanın İsrailə dəstək verdiyi ilə bağlı yayılan ittihamlara münasibət bildirib və bu cür yanaşmaların İranın milli maraqlarına zidd olduğunu vurğulayıb. İran prezidentinin oğlu jurnalistlərə açıqlamasında bunları deyib:”Azərbaycanla münasibətləri gərginləşdirmək İranın maraqlarına uyğun deyil”.
Pezeşkian qeyd edib ki, iddialar irəli sürülməzdən əvvəl onların sübutlarla və təhlükəsizlik orqanlarının məlumatları ilə əsaslandırılıb-əsaslandırılmadığına diqqət yetirilməlidir. O bildirib ki, bu cür ittihamlar ölkəni münaqişəyə sürükləyə bilər. Yusif Pezeşkian İranın Azərbaycanla münasibətlərində qarşıda üç mümkün yol olduğunu qeyd edib: 1. Hərbi qarşıdurma – Yəni ya biz Azərbaycana qarşı döyüşmək istəyirik, ya da onu təhrik edirik. Bu, nə dövlətin, nə də xalqın istədiyi yoldur və ölkənin maraqlarına ziddir. 2. Nə sülh, nə müharibə vəziyyəti – Yəni iki ölkə arasında gərginlik davam edir, amma hərbi qarşıdurma baş vermir. Bu halda qarşılıqlı düşmənçilik siyasəti beynəlxalq forumlarda və iqtisadi sferalarda zərər gətirə bilər. 3. Əməkdaşlıq və qonşuluq münasibətləri – Fikir ayrılıqlarına baxmayaraq, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq mümkündür və ən uğurlu yanaşma budur. Yusif Pezeşkian üçüncü yanaşmanın – dialoq və əməkdaşlığın – həm İranın, həm də regionun sabitliyi baxımından ən məqbul yol olduğunu vurğulayıb. Onun fikrincə, bəzi şəxslər xoş niyyətlə danışsalar da, nəticədə İslam Respublikasının zərərinə və İsrailin maraqlarına xidmət edən mövqe ortaya qoya bilərlər. “Ehtiyatlı olaq ki, bilmədən İsrailin piyadasına çevrilməyək,” – deyə Pezeşkian əlavə edib. O, habelə vurğulayıb ki, radikal və məsuliyyətsiz ritorika bölgədə gərginliyi artırmaqdan başqa bir nəticə vermir.