Ukraynada müharibə nəticəsində itkin düşən şəxslərin sayı yüz minlərlədir.
Bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.
Təmas xəttinin uzunluğunun təxminən 2 300 km olduğunu bildirən Yuşşenkonun sözlərinə görə, Rusiya ilə müharibə Ukrayna üçün ağır humanitar nəticələr doğurub.
Sabiq prezident qeyd edib ki, Ukraynada mülki əhali arasında hər gün itkilər qeydə alınır və ən böyük faciələr cəbhə xəttində yaşanır.
Yuşşenko son 30 gündə Rusiyanın itkilərinin sayının 42 min nəfər olduğunu iddia edib.
Sabiq dövlət başçısı deyib ki, Ukraynaya dəstək yalnız həmrəyliklə məhdudlaşmamalıdır. Belə ki, Ukraynada müharibə nəticəsində yaranmış humanitar problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq daha praktik xarakter daşımalıdır.
Viktor Yuşşenko beynəlxalq ictimaiyyətin əsirlərin və deportasiya edilmiş uşaqların qaytarılması məsələlərinə diqqət yetirməsinin vacibliyini vurğulayıb.
“İtkin düşmüş şəxslər, cəbhədə həlak olan və meyitləri Ukraynaya təhvil verilməyən şəxslər, zorla deportasiya edilmiş uşaqlar və digər kateqoriyalar üzrə problemin miqyası on minlərlə yox, yüz minlərlə insanı əhatə edir”, – o əlavə edib.
Yuşşenko Ukraynanın bu müharibədə say üstünlüyü ilə yox, bacarıqla, müasir və asimmetrik müharibə aparmaq qabiliyyəti ilə qalib gələcəyini də bildirib.


























