Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Dövlət başçısı bütün xalqı və Silahlı Qüvvələri təbrik edib, Vətən uğrunda canlarını qoymuş şəhidlərə Allahdan rəhmət diləyib.
Prezident çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi xalqımızın şanlı və qürurverici tarixi, parlaq qələbəsidir. “Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq”, — deyə vurğulanıb. Bildirilib ki, həm Birinci, həm İkinci Qarabağ müharibələrinin, eləcə də antiterror əməliyyatlarının nəticəsi olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
Çıxışda qeyd edilib ki, 44 gün ərzində Azərbaycan Ordusu davamlı irəliləyiş edib, 300-dən artıq şəhər və kənd işğaldan azad olunub və düşmən kapitulyasiya aktının imzalanmasına məcbur edilib. Bu döyüşlər ordumuzun gücünü, hərbçilərin peşəkarlığını və xalqın əzmini dünyaya nümayiş etdirib.
Prezident əlavə edib ki, 30 il işğal altında qalan torpaqlarımıza görə xalq və rəhbərlik heç vaxt barışmayıb. Xarici vasitəçilərin və bəzi güclərin işğala dair mövqeləri, eləcə də işğalın daimi saxlanmasına yönələn planlar vaxtilə müşahidə olunub. Lakin Azərbaycan rəhbərliyi 2003-cü ildən başlayaraq ərazi bütövlüyünün bərpasını prioritet elan edib və buna nail olunub.
Dövlət başçısı müharibənin gedişində Ermənistanın dinc əhaliyə və infrastruktura qarşı hərbi cinayətlər törətdiyini xatırladıb, istifadə edilən dağıdıcı silahları və meydana gətirdiyi dağıntıları qeyd edib. Buna baxmayaraq xalqın qətiyyətinin sarsılmadığı, müharibənin dayandırılmasının Azərbaycanın şərtləri əsasında gerçəkləşdiyi bildirilib.
2020-ci il noyabrın 9–10-da Ermənistanın kapitulyasiya aktını imzaladığı və Şuşa əməliyyatının döyüşün gedişinə təsir etdiyi vurğulanıb. Sonrakı dönəmlərdə aparılan antiterror əməliyyatları nəticəsində separatçıların kökündən qopardığı, Qarabağda onların izinin-sorağının qalmadığı qeyd olunub.
Prezident ölkənin qazandığı nailiyyətlərin — iqtisadi inkişafın, güclü ordunun, xalq-iqtidar birliyinin — bu Qələbəni mümkün etdiyini söyləyib. Eyni zamanda bəzi xarici dairələrin Ermənistana dəstək verməklə Cənubi Qafqazda sabitsizləşdirmə həvəsində olduqları, lakin Azərbaycanın bununla hesablaşmağa hazır olduğu vurğulanıb: “Heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur.”
Çıxışda həmçinin ölkədə davam edən quruculuq işlərinə toxunulub. Bu gün şəhərin mərkəzi hissələrindən birində Zəfər parkı, 44 metr hündürlüyündə 44 sütunlu Zəfər tağı və yaxın gələcəkdə açılacaq Zəfər muzeyi təqdim edilib. Prezident bu rəmzlərin və qələbənin Azərbaycan üçün əbədi olduğunu bəyan edib.
Müraciətin sonunda dövlət başçısı bütün xalqı və Silahlı Qüvvələri təbrik edərək dedi: “Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ — Azərbaycandır!”
Fidan Ağayeva — Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin (GSM) İdarə Heyətinin sədri, psixoloq


























