Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinə veriləcək təhlükəsizlik zəmanətləri dərhal qüvvəyə minməlidir – müharibənin başa çatmasını gözləmədən. Vətəninfo.az xəbər verir ki, bu barədə o, İtaliyanın Rai telekanalına müsahibəsində bildirib.
“Vacibdir ki, ‘Qətiyyətlilər koalisiyası’na daxil olan ölkələrin vəd etdiyi təhlükəsizlik zəmanətləri döyüşlər dayandırılmadan tətbiq olunsun”, – deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, bu zəmanətlər yalnız hərbi deyil, iqtisadi dəstəyi də əhatə etməlidir. Onun sözlərinə görə, artıq 26 ölkə Ukraynanın təhlükəsizliyini dəstəkləməyə hazır olduğunu bildirib ki, bu da “irəliyə doğru mühüm addımdır”.
Ukraynaya xarici qoşunların yerləşdirilməsi planı
Mətbuatın yaydığı məlumata görə, 4 sentyabr tarixində keçirilmiş “İstəkli ölkələr koalisiyası”nın görüşündə tərəfdaş ölkələr Ukraynada 30 minədək xarici hərbçinin yerləşdirilməsi məsələsində razılığa gəliblər.
Bildirilir ki, 21 ölkə Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır. Onlardan 10-u döyüşlər başa çatdıqdan sonra öz qoşunlarını Ukrayna ərazisinə göndərməyə razılıq verib.
Bu addımı atmağa hazır olan ölkələr arasında Böyük Britaniya, Fransa, Şimal ölkələri (Norveç, İsveç, Finlandiya), Baltikyanı dövlətlər, Niderland və Avstraliya yer alır.
Zelenskinin bu açıqlaması Ukraynanın yaxın perspektivdə daha sabit və təhlükəsiz gələcək üçün qətiyyətli beynəlxalq zəmanətlərə ehtiyac duyduğunu bir daha ortaya qoyur. Avropa və Qərb ölkələri isə bu istiqamətdə real addımlar atmağa başlayıblar.