Ukrayna prezidenti Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron iki ölkə arasında uzunmüddətli əməkdaşlığı gücləndirməyə yönəlmiş “tarixi sənəd” imzalayıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumat “RBC-Ukrayna”nın Prezident Administrasiyasının yaydığı video və “Le Figaro”nun materiallarına əsaslanır.
Liderlər tərəfindən imzalanan niyyət məktubunun detalları hələ açıqlanmayıb. Lakin Zelenski sənədi “xüsusi əhəmiyyətə malik” adlandıraraq onun Ukrayna üçün strateji rol oynayacağını bildirib.
İmzalanma mərasimi Villacoublay aviabazasının uçuş-enmə zolağında — hərbi aviasiya və hava hücumundan müdafiə sistemlərinin elementləri fonunda qurulmuş xüsusi masada baş tutub.
Məlumata görə, Ukrayna Fransadan 100 ədəd Rafale qırıcısı sifariş etməyi planlaşdırır. Bundan əvvəl Reuters yazmışdı ki, Zelenskinin noyabrın 17-də Fransaya səfəri zamanı ölkəyə hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raketlərin tədarükü ilə bağlı danışıqlar aparması gözlənilir. Son həftələrdə Paris və Kiyev arasında hərbi yardımın artırılması ilə bağlı fəal müzakirələr aparılır.
Xatırladaq ki, ötən ay Emmanuel Makron Ukraynaya əlavə “Mirage” qırıcıları verməyə hazır olduğunu açıqlamış, ilkin mərhələdə altı qırıcı və SAMP/T hava hücumundan müdafiə sistemi üçün MBDA şirkəti tərəfindən istehsal edilən yeni “Aster 30” raketlərinin tədarükü barədə öhdəlik götürmüşdü.
Zelenski həmçinin bildirib ki, Ukrayna yaxın zamanda tərəfdaş ölkələrdən, o cümlədən Fransadan yeni hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri alacaq.


























