Zəngəzur dəhlizi layihəsi gələcəkdə Ermənistanın özü üçün ciddi problemlər yarada bilər.
Vətəninfo.az xəbər verir ki, xüsusilə İrəvanın İranla mövcud münasibətləri fonunda layihənin mümkün nəticələri ilə bağlı xəbərdarlıq edilib.
Bunu Kremlə bağlı olan rusiyalı politoloq Aleksandr Dudçak Moskva–İrəvan videokörpüsü zamanı, Sputnik Ermənistanın platformasının da qoşulduğu müzakirədə bildirib.
Politoloqun sözlərinə görə, proses hələ məntiqi yekununa çatmayıb və hazırda praktiki müstəvidə hər hansı eskalasiya müşahidə edilmir. Lakin gələcəkdə vəziyyətin dəyişməsi mümkündür.
Dudçak hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı proseslər Ermənistanın İranla hazırda mövcud olan yaxşı münasibətlərinə də mənfi təsir göstərə bilər.
“Amerikalıları tanıyaraq, həmçinin Türkiyənin rəhbərliyi altında azərbaycanlı tərəfdaşların necə davrana biləcəyini nəzərə alaraq demək olar ki, bütün bunlar həm Rusiya, həm də bütövlükdə region üçün ciddi problemlərə çevrilə bilər”, – deyə politoloq bildirib.
O, Ermənistan əhalisinin bu prosesdən heç bir fayda əldə etməyəcəyini də iddia edib.
“Amma bir şey dəqiqdir ki, erməni xalqı bundan heç bir qazanc əldə etməyəcək”, – deyə Dudçak vurğulayıb.Musavat.com


























