“AİDS-lə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə 15.06.2025 ci i tarixində Baku inn Hoteldə “Zərərin azaldılması” proqramı çərçivəsində tələbatların müəyyənləşdirilməsi, piyada və mobil marşrutların planlaşdırılması mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi zərərin azaldılması xidmətlərinin daha səmərəli təşkili, xidmətlərə ehtiyacı olan şəxslərin tələbatlarının düzgün müəyyənləşdirilməsi, eləcə də piyada və mobil xidmət marşrutlarının effektiv şəkildə planlaşdırılması üzrə iştirakçıların bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı zərərin azaldılması proqramlarının əsas prinsipləri, hədəf qrupların ehtiyaclarının qiymətləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması, piyada marşrutlarının müəyyənləşdirilməsi və mobil xidmətlərin təşkili ilə bağlı məsələlər müzakirə edilib.
İştirakçılara marşrutların hazırlanması zamanı ərazi üzrə ehtiyacların, xidmətə müraciət edən şəxslərin yerləşmə xüsusiyyətlərinin və xidmətlərin əlçatanlığının nəzərə alınmasının vacibliyi izah olunub. Həmçinin sahə işinin daha məqsədyönlü təşkili, mövcud resurslardan səmərəli istifadə və xidmətlərin ehtiyacı olan şəxslərə vaxtında çatdırılması istiqamətində praktiki yanaşmalar təqdim edilib.
Təlim interaktiv müzakirələr, praktiki tapşırıqlar və fikir mübadiləsi şəklində davam edib. İştirakçılar öz təcrübələrini bölüşərək zərərin azaldılması xidmətlərinin sahədə daha effektiv həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbirin sonunda əldə olunan biliklərin gündəlik sahə fəaliyyətində tətbiqi, piyada və mobil marşrutların daha düzgün planlaşdırılması və zərərin azaldılması xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətlər müzakirə olunub.
“AİDS-lə Mübarizə” İctimai Birliyi zərərin azaldılması yanaşmasının inkişaf etdirilməsi, xidmətlərin əlçatanlığının artırılması və hədəf qruplara yönəlmiş xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.


























