image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-12-27-57_eed2751ebackend

2 Fevral – Gənclər Günü münasibətilə möhtəşəm mükafatlandırma mərasimi keçirilib!

image-reklam-veteninfo

 

2 fevral tarixində Bakı şəhər Gənclər və İdman İdarəsi, Peşəkar Qənnadçılar İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkatının birgə təşkilatçılığı ilə Gənclər Günü münasibətilə təntənəli mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə müxtəlif universitetlərin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri, ictimai fəal gənclər, tələbələr, peşəkar aşbazlar, qənnadçılar və media nümayəndələri iştirak ediblər. Mərasim gənclərin cəmiyyətin inkişafındakı rolunu, onların yaradıcılıq potensialını və sosial fəallığını önə çıxaran yüksək ruhlu bir platformaya çevrilib.

Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxışında vurğulayıb ki, bu gün Azərbaycan gəncləri ölkənin inkişafında mühüm rola malikdir və bu kimi tədbirlər onların bilik və bacarıqlarının inkişafına, həmçinin sosial fəallıqlarının artmasına böyük təkan verir. O, gəncləri daim aktiv olmağa, öyrənməyə və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməyə çağırıb.

Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova öz çıxışında bildirib ki, milli mətbəximizin zəngin irsi gələcək nəsillərə ötürülməli, sağlam qidalanma və qida təhlükəsizliyi mövzuları isə gənclər arasında geniş şəkildə təbliğ olunmalıdır. Onun sözlərinə görə, bu kimi tədbirlər həm maarifləndirici, həm də milli mədəniyyətimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev isə qeyd edib ki, gənclərin bilik və bacarıqlarının inkişafı, eləcə də kulinariya sahəsində yeni nəslin yetişdirilməsi ölkəmizin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. O, bu kimi layihələrin gənclərin istedadlarını üzə çıxarmaq və onları peşəkar səviyyəyə yönləndirmək baxımından vacibliyini vurğulayıb.

Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxışında Azərbaycan mətbəxinin dünya kulinariya xəritəsində özünəməxsus yerə malik olduğunu qeyd edərək, gəncləri bu irsi qorumağa və inkişaf etdirməyə səsləyib. O, milli mətbəx nümunələrinin təkcə dad baxımından deyil, həm də mədəni dəyər kimi gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda bir sıra gənclər, aktiv iştirakçı və təşkilatçılar fərqlənmə diplomları və təşəkkür plaketləri ilə təltif olunublar. Mərasim gənclərin motivasiyasını artırmaq, onların cəmiyyətə faydalı təşəbbüslərdə birləşməsini təşviq etmək baxımından xüsusi əhəmiyyət kəsb edib.

Belə tədbirlər Azərbaycan gənclərinin potensialının güclənməsi, milli dəyərlərin qorunması və sosial aktivliyin artırılması istiqamətində atılmış mühüm addımlardan biridir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki