Tariximizin ən qanlı səhifələrindən biri 1990-cı ilin 20 Yanvar günü Bakıda yazıldı. Həmin gün onlarla Vətən övladı Sovet imperiyasının çirkin üzünün qurbanı oldu. 20 Yanvar hadisələri zamanı Bakıda və regionlarda ümumilikdə 147 nəfər şəhid oldu, 744 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. İmperiya azadlıq istəyən xalqın səsini tanklarla, tüfənglərlə, odlu silahlarla susdurmağa çalışdı amma buna müvafiq ola bilmədi. Əksinə, bu hadisələr SSRİ-nin ölkəmizdəki bütün sosial və mənəvi dayaqlarını itirməsinə, Azərbaycan xalqını öz amalları naminə daha da inadla, istəklə mübarizə aparmağa sövq etdi. Hadisələrin gedişatına nəzər yetirdikdə görünür ki, həmin gün baş verənlər xüsusi qəddarlıq və amansızlıqla müşayiət olunmuşdur. Sovet Ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının kontingenti qadın, uşaq, yaşlı demədən insanları qətlə yetirmiş, küçələrdə qarşılarına çıxanları, binaları, yaralılara köməyə gedən Təcili yardım maşınlarını güllələmiş, tanklar küçələrdə maşınları əzib keçmişdir. O günlərdə onlarla, yüzlərlə mücahid tutulmuş, Lefortovoya aparılmışdır. Əminliklə demək olar ki, həmin günlərdə imperiyanın ən qəddar düşməni azərbaycançılıq mücahidləri, ən həssas hədəfi Bakıda Azadlıq meydanı idi. Ancaq qeyd etdiyimiz kimi, 20 yanvar günü və sonrakı bir neçə günlərdə paytaxtda və regionlarda baş verənlər xalqın gözünü qorxutmadı, müstəqillik əzmini qıra bilmədi. Xalqımız onlarla soydaşımızın ölümündən, imperiyanın miqyasagəlməz vəhşiliyindən daha da hiddətlənərək azərbaycançılıq ideyalarına bir az daha sarıldı.
Azərbaycan xalqının dahi oğlu, “Ən böyük azərbaycanlı” olaraq xarakterizə edilən Umumilli Liderimiz Heydər Əliyev 21 yanvar 1990-cı ildə, yəni hadisələrdən cəmi bir gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək böyük cəsarətlə və qətiyyətlə hadisəni törədənləri ittiham etmiş və bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. Qanlı yanvar hadisələrinə ilk hüquqi qiyməti verən də məhz Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə Naxçıvan MR-nin Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir.
Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunur. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Beləliklə, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuşdur.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası