Azərbaycanda mobil cihazların qeydiyyatı zamanı 86 813 kopyalanmış IMEI kodu aşkarlanaraq bloklanıb. Bu barədə “AzInTelecom” MMC məlumat yayıb. Şirkətin Mobil Cihazların Qeydiyyatı Sistemi vasitəsilə həmin kodlarla mobil şəbəkəyə qoşulmaq cəhdlərinin də qarşısı alınıb.
Saxta IMEI kodları ilə bağlı problem xüsusilə mobil telefon alıcıları üçün risklər yaradır. Vətəndaş işlənmiş telefon alarkən cihazın qeydiyyat statusunu yoxlamasa, sonradan mobil şəbəkəyə qoşulma problemi ilə üzləşə bilər.
İnformasiya Texnologiyaları mütəxəssisi Yusif Kərim mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “IMEI hər mobil cihazın 15 rəqəmli unikal identifikasiya nömrəsidir, bir növ telefonun “pasportu”dur. Azərbaycanda xaricdən gətirilən cihazların IMEI kodu 30 gün ərzində qeydiyyatdan keçirilməli və rüsum ödənilməlidir. Bəzi vicdansız satıcılar bu rüsumu ödəməmək üçün artıq qeydiyyatdan keçmiş başqa cihazın IMEI kodunu proqram vasitəsilə yeni telefona köçürürlər. Nəticədə eyni kod bir neçə cihazda görünür, sistem bunu aşkar edən kimi koda “klon” statusu verir və cihazın şəbəkədən istifadəsi məhdudlaşdırılır.
Ən böyük risk ondadır ki, alıcı adətən heç nədən xəbərsiz olur. Telefon bir müddət normal işləyir, sonra isə zəng etmək, SMS göndərmək və mobil internetdən istifadə etmək mümkün olmur. Pul ödənilib, cihaz isə faktiki olaraq yararsız hala düşüb. Xüsusilə işlənmiş telefonlar və bazar qiymətindən xeyli ucuz təklif olunan cihazlar riskli zonadır”.
Ekspert qeyd edib ki, kopyalanmış IMEI-ni müəyyənləşdirmək cəmi bir-iki dəqiqəlik işdir və hər alışdan əvvəl mütləq edilməlidir. Əvvəlcə telefonda #06# yığılır, ekranda IMEI kodu, iki SIM-li telefonlarda isə iki kod görünür. Daha sonra həmin kod “mygov” portalında “IMEI yoxlama” xidmətinə daxil edilir. Kod köçürülübsə, sistem cihazın istifadəsinin məhdudlaşdırıldığını göstərəcək. İki SIM-li telefonda hər iki IMEI ayrıca yoxlanmalıdır. Bundan əlavə, ekranda çıxan kodu qutudakı və parametrlərdəki (“Telefon haqqında” bölməsi) kodla tutuşdurmaq lazımdır, hər hansı uyğunsuzluq ciddi xəbərdarlıq əlamətidir. Qiymət şübhəli dərəcədə aşağıdırsa, satıcı yoxlamağa imkan vermir və ya tələsdirirsə, qutu və sənəd yoxdursa, belə alışdan imtina etmək daha yaxşıdır. Suallar yaranarsa, 157 Çağrı Mərkəzinə müraciət etmək olar.
Əgər vətəndaş belə telefonu artıq bilmədən alıbsa, burada iki hal var. Telefon mağazadan və ya rəsmi satış nöqtəsindən alınıbsa, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun tətbiq olunur. Şəbəkədə işləməyən cihaz qüsurlu mal sayılır və alıcı malın dəyişdirilməsini, pulun qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. Satıcı razılaşmazsa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək olar. Telefon fərdi şəxsdən, məsələn elan saytı vasitəsilə alınıbsa, Mülki Məcəllənin alqı-satqı müddəaları tətbiq olunur. Satıcı alıcıya istifadəyə yararlı mal təhvil verməyə borcludur. Alıcı müqaviləni ləğv edib ödədiyi məbləği geri tələb edə, razılıq olmasa, məhkəməyə müraciət edə bilər”.
Yusif Kərim onu da bildirib ki, satış nöqtələrinə yalnız IMEI kodu qeydiyyatdan keçmiş cihazları satmağa icazə verilir və buna əməl etməyən sahibkar məsuliyyətə cəlb oluna bilər: “Satıcı IMEI-nin kopyalandığını bilə-bilə cihazı satıbsa, bu artıq sadəcə mülki mübahisə deyil, dələduzluq kimi cinayət məsuliyyəti yarada biləcək əməldir. Belə hallarda polisə müraciət etmək lazımdır. Hüquqları müdafiə etmək üçün ən vacibi sübutdur. Mağazadan alanda çek və zəmanət talonu mütləq götürülməlidir. Fərdi şəxsdən alanda isə IMEI kodu qeyd olunmuş yazılı razılaşma və ya qəbz tərtib etmək, satıcının adını, nömrəsini, yazışmaları və ödəniş sübutunu saxlamaq lazımdır. Qayda sadədir: əvvəl yoxla, sonra ödə. IMEI yoxlaması bir dəqiqə vaxt aparır, amma sizi həm pul itkisindən, həm də uzun sürən mübahisələrdən qoruyur”.


























