image-2025_sexsiyyetin-miqyasi-ve-missiyasi_cap-ucunbackend

AMEA-da yeni nəşr: “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası”

image-reklam_sirab_01

AMEA-da Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halının, çoxcəhətli siyasi- dövlətçilik fəaliyyətinin və mübarizəsinin bütün mərhələlərini əks etdirən “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı fundamental kollektiv monoqrafiya işıq üzü görüb. Həcm etibarilə 610 səhifədən və 5 fəsildən ibarət olan monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edilir. Ulu Öndərin ömür salnaməsinin şərəfli səhifələri, onun görkəmli dövlət xadimi olaraq dünya siyasi arenasında yeri və mövqeyi, dövlətçilik fəlsəfəsi, Azərbaycançılıq ideologiyasının formalaşmasında, elm və təhsilin, ədəbiyyatın və mədəniyyətin inkişafındakı xidmətləri, milli xarici siyasət modelinin müəyyənləşməsindəki fəaliyyəti, davamlı və məqsədyönlü fəaliyyəti real faktlar əsasında əks etdirilib. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı və ərazi bütövlüyümüzün təmin edilməsindəki tarixi xidmətləri elmi şəkildə şərh və təqdim olunur. Monoqrafiyanın müəlliflər heyəti uzun illər ərzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında çalışan tanınmış Azərbaycan alimlərindən ibarətdir. Monoqrafik tədqiqat əsərinin ideya müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın akademik-katibi akademik Arif Həşimovdur. Kitab AMEA-nın “Elm” nəşriyyatında çap olunub. “Azərbaycanın dünya miqyaslı görkəmli dövlət xadimi” adlanan birinci fəsil akademik İsa Həbibbəylinin “Görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolu və mübarizəsi: siyasi portretin miqyası” məqaləsi ilə başlayır. Bu fəsildə akademik İsmayıl Hacıyevin “Müstəqil Azərbaycan dövlətinin qüdrətli memarı”, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev: dövrü və dünyagörüşü”, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun “Azərbaycan Respublikasının neft strarategiyası. “Əsrin müqaviləsi”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Ümummilli Liderlik missiyası”, akademik Yaqub Mahmudovun “Azərbaycanı dünya meridianlarına çıxaran dahi”, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun “Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil dövlətçilik fəlsəfəsi”, tarix elmləri doktoru Mehman Süleymanovun “Heydər Əliyevin milli təhlükəsizlik və ordu quruculuğu sahəsində fəaliyyəti”, akademik Rasim Əliquliyev, iqtisad üzrə fəlsəfə doktoru Rasim Mahmudov və dissertant Gülnar Paşayevanın “Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında rolu”, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin “Heydər Əliyev və Azərbaycanda gender siyasəti” mövzusunda məqalələri yer alıb. “Azərbaycançılıq ideologiyasının banisi” adlı ikinci fəsildə “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” (tarix elmləri doktoru Eynilla Mədətli), “Heydər Əliyev və Azərbaycanın dövlət dili siyasəti” (akademik Möhsün Nağısoylu) və “Heydər Əliyev və Cənubi Azərbaycan” (AMEA-nın müxbir üzvü Musa Qasımlı) məqalələri verilib. Üçüncü fəsil “Azərbaycanın elm və təhsilinin böyük hamisi və bələdçisi” adlanır. Bu fəsildə akademik İsa Həbibbəylinin “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi” və “Heydər Əliyevin akademiklik seçkisi və Akademiyanın dövlətçilik dərsləri” adlı üç məqaləsi, həmçinin tarix elmləri doktoru Kərim Şükürovun “Heydər Əliyev və Azərbaycan tarixi”, tarix elmləri doktoru Ədalət Qasımovun “Heydər Əliyev və Azərbaycan Respublikasında milli təhsilin inkişafı” məqalələrinə yer verilib.  “Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət” adlanan dördüncü fəsildə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu və filologiya elmləri doktoru Elnarə Akimovanın “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövlət idarəçiliyi siyasətində milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyası”, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun “Heydər Əliyev obrazı təsviri sənətdə” başlıqlı araşdırmalarına yer ayrılıb. Beşinci fəsil “Xarici siyasətin Heydər Əliyev modeli” məsələsinə həsr edilib. Bu bölmədə AMEA-nın müxbir üzvü Musa Qasımlının “Heydər Əliyevin xarici siyasət kursu: Qələbə diplomatiyası”, akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev və Şərq”, tarix elmləri doktoru Güllü Yoloğlunun “Heydər Əliyev və türk dünyası” adlı məqalələri toplanıb. Monoqrafiyanın “Nəticə” hissəsini akademik İsa Həbibbəylinin “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” məqaləsi əhatə edir. Qeyd edək ki, “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı fundamental monoqrafiyanın plan-prospekti və müəlliflər heyəti AMEA Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra müvafiq qərar əsasında hazırlanaraq nəşr edilib. “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” görkəmli dövlət xadimi Heydər Əliyevin keşməkeşli və mənalı həyatı və mübarizə yoluna, Ulu Öndərin çoxcəhətli fəaliyyətinin əsas istiqamətlərinə həsr edilmiş ilk fundamental monoqrafik tədqiqatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image