Oktyabrın 6-da AMEA-nın Rəyasət Heyətinin binasında görkəmli riyaziyyatçı alim, tanınmış ictimai xadim və pedaqoq, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının, eləcə də AR Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi müəssisələrin direktorları, əməkdaşları, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri və riyaziyyatçı alimlər iştirak ediblər.
Tədbirdən öncə professor Misir Mərdanovun 80 illik yubileyi çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib.
Elmi sessiyanı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu günlərdə görkəmli riyaziyyatçı alim, tanınmış ictimai xadim və böyük pedaqoq Misir Mərdanovun anadan olmasının 80 illiyi tamam olur.
Ölkə Prezidenti İlham Əliyevin “Misir Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran akademik İsa Həbibbəyli Azərbaycan alimlərinə, Azərbaycan elminə hər zaman göstərdiyi yüksək diqqətə görə dövlət başçısına dərin minnətdarlığını bildirib. AMEA rəhbəri Misir Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında dövlət başçısının imzaladığı bu Sərəncamın Azərbaycan elminə, Azərbaycan riyaziyyatçılarına və Azərbaycan Milli Elmlər Akademiyasına verilən qiymətin bariz ifadəsi olduğunu vurğulayıb.
Misir Mərdanovun elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə nəzər salan AMEA rəhbəri diqqətə çatdırıb ki, görkəmli riyaziyyatçı alim Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil aldığı illərdə Tələbə Elmi Cəmiyyətində və elmi konfranslarda öz biliyi, elmə və biliklərə olan marağı ilə diqqəti cəlb edib. AMEA prezidenti bildirib ki, sonrakı illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alan Misir Mərdanov “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək riyaziyyat sahəsinə yeni və istedadlı bir alimin gəldiyini nümayiş etdirib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Misir Mərdanovun “Gecikməsi və məhdudiyyəti olan optimal proseslərin tədqiqi” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiya işi onun artıq riyaziyyatçı alim kimi, geniş mənada isə riyaziyyat aləmində özünü təsdiq etdiyini göstərib.
AMEA rəhbəri qeyd edib ki, Misir Mərdanov görkəmli riyaziyyatçı alim Qoşqar Əhmədovun yaratdığı məktəbin və elmi istiqamətin ən görkəmli yetirmələrindən biri kimi sonradan həmin məktəbi yeni müddəalarla zənginləşdirərək inkişaf etdirməsində böyük xidmətlər göstərib. Bildirib ki, sonrakı illərdə Misir Mərdanovun riyaziyyat sahəsinə həsr olunmuş çoxsaylı monoqrafiyaları, məqalələri və orta məktəblər üçün dərslikləri onun riyaziyyat sahəsində ardıcıl çalışdığını və görkəmli riyaziyyatçı kimi bu elm sahəsinin inkişafına mühüm töhfələr verdiyini əyani şəkildə nümayiş etdirir.
Misir Mərdanovun elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, elmi-təşkilati fəaliyyəti ilə də ölkəmizdə elmin, təhsilin inkişafında mühüm xidmətlər göstərdiyini deyən akademik İsa Həbibbəyli müxbir üzv Misir Mərdanovun Bakı Dövlət Universitetində dekan kimi, eləcə də Qəbul Komissiyasının məsul katibi kimi çətin bir sahədə göstərdiyi səmərəli fəaliyyəti, universitetin birinci prorektoru və rektoru olduğu dövrdə gördüyü işləri xüsusi qeyd edib. Bildirib ki, Misir Mərdanov universitetin ən çətin illərində onun qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məsuliyyətli addımlar atıb.
AMEA prezidenti diqqətə çatdırıb ki, Misir Mərdanov 15 il AR təhsil naziri kimi Azərbaycanda təhsil sahəsinə də uğurla rəhbərlik edib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi təhsil siyasətinin uğurla həyata keçirilməsinə sədaqətlə və məsuliyyətlə xidmət edib.
Akademik İsa Həbibbəyli Misir Mərdanovun ictimai xadim kimi də Azərbaycan cəmiyyətində öz sözünü dediyini bildirib. Akademik vurğulayıb ki, Misir Mərdanov uzun illərdir ölkədə gedən ictimai-siyasi proseslərdə yaxından iştirak edir və hazırda da Qərbi Azərbaycan hərəkatının Azərbaycan Prezidentinin müəyyən etdiyi xətt üzrə inkişaf etdirilməsi sahəsində bu icmanın Müşahidə Şurasının sədri kimi yorulmaz fəaliyyətini davam etdirir.
Misir Mərdanovun Riyaziyyat İnstitutuna rəhbərlik etdiyi 10 ildən artıq müddətdə Azərbaycan riyaziyyat elminin inkişafına mühüm töhfələr verdiyini deyən AMEA prezidenti bildirib ki, həmin dövrdə görkəmli alim tərəfindən Azərbaycan riyaziyyat elminin dünyada gedən proseslərlə uzlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Misir Mərdanovun baş redaktorluğu ilə nəşr olunan “Azerbaijan journal of Mathematics” jurnalı yüksək indeksli jurnallar sırasına daxil olub və “Scopus” bazasında indekslənir.
Akademik İsa Həbibbəyli Misir Mərdanovun çoxsaylı yetirmələrinin olduğunu da vurğulayıb. Qeyd edib ki, bu sırada fəlsəfə doktorları və elmlər doktorları, eləcə də elmi rəhbəri, opponent və rəsmi opponent, rəyçisi, kitablarının redaktoru və elmi məsləhətçisi olduğu çoxsaylı alimlər yer alır.
AMEA rəhbəri bildirib ki, Azərbaycan riyaziyyat elminin bütün istiqamətlərində və sahələrində həyata keçirilən böyük miqyaslı işlərdə Misir Mərdanov ağsaqqal kimi, alim kimi həmin proseslərin inkişafına və irəli aparılmasına mühüm kömək göstərib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Misir Mərdanov bu gün də riyaziyyat elminin inkişafına həsr olunmuş elmi axtarışlarını davam etdirir.
AMEA prezidenti çıxışının sonunda Misir Mərdanovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, ona “AMEA-nın döş nişanı” və hədiyyələr təqdim edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov Misir Mərdanovu yubileyi və dövlət başçısı tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.
Misir Mərdanovun Azərbaycanın ictimai-siyasi, elm və təhsil həyatında çox böyük xidmətləri olduğunu deyən Əli Əhmədov vurğulayıb ki, o, böyük alim kimi Azərbaycan riyaziyyat elminə öz töhfələrini verib. Misir Mərdanovun həm Bakı Dövlət Universitetinin rektoru, həm də Azərbaycanın təhsil naziri kimi hər iki vəzifədə kifayət qədər səmərəli fəaliyyət göstərdiyini bildirən Əli Əhmədov qeyd edib ki, Misir Mərdanov 1990-cı illərdə, Azərbaycanın ağır günlərində qısa müddətdə universitetin infrastrukturunu ciddi şəkildə dəyişdirib. Beləliklə də universitetin siması dəyişib və tədris sahəsində əhəmiyyətli canlanma baş verib.
Əli Əhmədov bildirib ki, Bakı Dövlət Universitetində əldə olunan yüksək nailiyyətlər Misir Mərdanovun daha yüksək pilləyə və Azərbaycan təhsilinə daha böyük xidmətlər göstərə biləcək bir vəzifəyə təyin olunması üçün əsas olub. Qeyd edib ki, Misir Mərdanov sonrakı dövrdə təhsil naziri olduğu zaman da həm universitet təhsilinə, həm də orta məktəb təhsilinə böyük töhfə verib.
Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Misir Mərdanov ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və həyata keçirdiyi siyasətin təbliği istiqamətində Misir Mərdanovun fəaliyyətini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, Misir Mərdanov universitet rektoru olarkən Azərbaycanda ilk dəfə Bakı Dövlət Universitetində Heydər Əliyev məktəbi yaradıb. Əli Əhmədovun sözlərinə görə, bu ənənə sonralar digər universitetlərdə davam etdirilib. Əli Əhmədov vurğulayıb ki, həmin məktəblər Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin, bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğində böyük rol oynayıb.
Əli Əhmədov 2004-cü ildə Misir Mərdanovun təhsil naziri olduğu dövrdə birlikdə həyata keçirdikləri “Heydər Əliyev olimpiadası” layihəsini də xatırladıb. Bildirib ki, həmin vaxt gözəl bir layihənin əsası qoyulub və layihə bu günə qədər Azərbaycan məktəblərində davam etdirilir.
Elmi sessiyada, həmçinin AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, AMEA-nın həqiqi üzvü Əli Abbasov, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Yusif Məmmədov, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun şöbə müdiri fizika-riyaziyyat elmləri doktoru Telman Məlikov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov çıxış edərək professor Misir Mərdanovun zəngin ictimai-siyasi fəaliyyətindən, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərindən danışıblar.
Sonda çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Misir Mərdanov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra xatirə şəkilləri çəkdirilib.


























