Türkiyə ilə Gürcüstan Xəzər dənizinin enerji qaynaqlarını dünya bazarına çıxarmaqda əsas rol oynayır.
Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə uzun illər ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti ilə enerji təhlükəsizliyinə töhfə verir.
Hakan Fidan, həmçinin, ölkəsinin Gürcüstanın yeni hakimiyyəti ilə güclü əməkdaşlığı davam etdirdiyini vurğulayıb.
Türkiyəli nazir Orta Dəhlizin xüsusi önəmə malik olduğunu əlavə edib: “Bununla bağlı Orta Dəhlizin ana sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm veririk”.
Bakı-Tbilisi-Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yataqlarından çıxarılan neftin və Şahdəniz yatağından hasil olunan kondensatın Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına nəqlini təmin edən əsas ixrac boru kəməridir. 2006-cı ildə istismara verilmiş bu kəmərin ümumi uzunluğu 1768 km-dir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Kəmərin gündəlik ötürücülük qabiliyyəti 1,2 milyon bareldir.
Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti
Bakı-Tbilisi-Ərzurum (BTƏ) təbii qaz kəməri, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqlini təmin edən mühüm infrastruktur layihəsidir. 2007-ci ilin iyul ayında istismara verilmiş bu kəmərin ümumi uzunluğu 980 km-dir və diametri 42 düymdür. BTƏ kəməri vasitəsilə ildə təxminən 20 milyard kubmetr qaz nəql etmək mümkündür. Kəmər, Azərbaycan və Gürcüstan ərazilərində Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə paralel marşrut üzrə uzanır və Türkiyənin Ərzurum şəhərində başa çatır. Bu layihə, Azərbaycanın qaz ixracatçısı kimi beynəlxalq arenada tanınmasına və regionun enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən strateji nəqliyyat layihəsidir. Tikintisinə 2007-ci ildə başlanılmış və 2017-ci ildə istismara verilmişdir. Ümumi uzunluğu təxminən 850 km olan bu dəmir yolunun 504 km-i Azərbaycan, 263 km-i Gürcüstan, 79 km-i isə Türkiyə ərazisindən keçir. BTQ, Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı marşrutlardan biri hesab olunur. İlkin mərhələdə illik 5 milyon ton yük və 1 milyon sərnişin daşınması nəzərdə tutulsa da, gələcəkdə bu göstəricilərin müvafiq olaraq 17 milyon ton yük və 3 milyon sərnişinə çatdırılması planlaşdırılır. 2024-cü ildə aparılan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükdaşıma qabiliyyəti 5 milyon tona yüksəldilmişdir. BTQ xətti, qədim İpək Yolunun bərpasında mühüm rol oynayaraq, region ölkələri arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artmasına əhəmiyyətli töhfə verir.
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi
Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi), Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanan strateji nəqliyyat marşrutudur. Bu dəhliz, Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz yollardan biri kimi qəbul edilir. Mövcud geosiyasi şəraitdə Orta Dəhlizə maraq artmış və bu marşrut üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Azərbaycan, əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu ilə bu dəhlizin əsas iştirakçılarından biridir. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin imkanlarının daha da genişlənməsi və region ölkələri üçün yeni iqtisadi perspektivlərin yaranması gözlənilir.