“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Uçuş Heyətinin Hazırlığı Mərkəzi ilk solo uçuşunu həyata keçirib.
Vətəninfo.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, “Cessna 172S” təyyarəsində keçirilən son təlimlərdən sonra stajçı-pilot Həmid Səmədzadə ilk solo uçuşunu uğurla yerinə yetirib.
Qeyd edək ki, AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən rəsmi olaraq təsdiqlənmiş təlim təşkilatı statusu qazanıb. Bu mərkəz MAA mühəndis-pilot tələbə və məzunları üçün ən müasir təlim proqramlarını təqdim edərək gələcəyin pilotlarını yetişdirir.
Hazırda 10 MAA məzunu Qəbələ Hava Limanında praktiki uçuşlarını davam etdirir. Təlim çərçivəsində stajçı-pilotlar 13-cü uçuş tapşırığını tamamladıqdan sonra solo uçuş icazəsi alırlar.
“Bu, Uçuş Heyətinin Hazırlığı Mərkəzinin tarixində yeni bir səhifə açır və gələcəyin pilotlarına ilham verir. Daha çox pilotun göylərdə ilk addımını atacağı anları səbirsizliklə gözləyirik!”, – məlumatda deyilir.