image-3backend

Azərbaycan İstanbuldakı “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edir (FOTO)

image-reklam_sirab_01

Oktyabrın 22-də İstanbulda “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi işə başlayıb.

Vətəninfo.az xəbər verir ki, Azərbaycanı tədbirdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti təmsil edir.

Sərgidə açılan Azərbaycan stendində 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunub. Bura iri və orta çaplı snayper tüfəngləri, müxtəlif çaplı minaatan, avtomatlar, iri çaplı pulemyotlar, avtomatik top və qumbaraatanlar, eləcə də həmin silahların sursatları daxildir.

Sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

“SAHA EXPO 2024” 1200-dən çox firması, 29 universiteti ilə Türkiyənin və Avropanın ən böyük sənaye sərgisi olan “SAHA İstanbul” tərəfindən, Türkiyə Respublikasının Prezident Administrasiyasının himayəsində, qardaş ölkənin bir sıra nazirlikləri, eləcə də digər mülki və hərbi dövlət qurumlarının iştirakı və dəstəyi ilə keçirilir.

Oktyabrın 26-dək davam edəcək tədbir İstanbul Sərgi Mərkəzinin 8 sərgi salonunda, qapalı və açıq sahə olmaqla ümumi 90 min kvadratmetrlik ərazidə təşkil olunub.

Bu il dördüncüsü keçirilən “SAHA EXPO”da 1400-dən çox nümayəndə, o cümlədən dünyanın müxtəlif ölkələrindən 300-dən çox rəsmi və 150-dən çox ticarət nümayəndəliyi iştirak edir.

Ümumilikdə 300-dən çox məhsulun təqdim edildiyi tədbirdə 200-dən artıq imza mərasiminin keçirilməsi nəzərdə tutulur.

Türkiyənin yüksələn müdafiə və aviasiya istehsal potensialını, eləcə də müstəqil istehsal gücünü sərgiləmək üçün beynəlxalq platforma kimi xidmət edən sərgidə müdafiə, aviasiya, dənizçilik və kosmik sənayenin strateji əhəmiyyətə malik bir çox yüksək texnologiyalı məhsulları təqdim olunur.

“SAHA EXPO 2024”ə təqdim olunan məhsullardan bəziləri ilk dəfə sərgilənir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki