image-reklam-veteninfo
image-1backend

Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

image-reklam-veteninfo

22 İyul-Milli Mətbuat Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Dövlət başçısı İlham Əliyevin 25 aprel 2025-ci il tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin edir. Reallaşdırılan tədbirlər Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunun geniş təhlilinə imkanlar yaratmaqla yanaşı, qalib, bütövləşən, yeni Azərbaycanın mətbuatının qarşısında dayanan hədəfləri, çağırışları, ictimaiyyətin hazırkı dövrdə yazılı və elektron KİV-lərdən gözləntilərini açıqlayır. Şübhəsiz, 150 illik yolu bir yazıda əhatə etmək mümkün olmasa da, ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə qoyulan milli mətbuatımız  çətin və şərəfli yol keçərək bu gün qalib Azərbaycanın uğurlarının təbliğində, informasiya cəbhəsində üstünlüyümüzün qorunmasında üzərinə düşən missiyanı uğurla yerinə yetirir.

“Əkinçi”dən başlayan yol

XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin naşiri, redaktoru  Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.  “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynadı.  Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Lakin “Əkinçi”nin fəaliyyəti uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərdilər.

Həmin vaxtdan indiyədək müxtəlif tənəzzül və çiçəklənmə dövrlərini yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirmişdir. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnallar ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və  Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.

Müasir milli mətbuatımızın inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Müasir müstəqil Azərbaycanda milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələyə yol açdı. 1998-ci il, 6 avqust tarixində imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, medianın cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı. Ümummilli Lider Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqətdə oldu.

Ümummilli Lider azad mətbuatın inkişafını daim diqqətdə saxlayırdı. Onun bir sıra qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə bağlı atdığı addım da media ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli Lider Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Jurnalistlər Ulu Öndər Heydər Əliyevi ölkə Prezidenti ilə  yanaşı, həm də bir dost kimi qəbul edirdilər. 2002-ci ilə Ümummilli Liderin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də bunun bariz nümunəsi idi.

2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə Azərbaycan Mətbuat Şurası  yaradıldı. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etmələrinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin, etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq hüququ, öz baxışlarının sərbəst ifadə edilməsi və digər hüquq və azadlıqlar möhkəmləndirildi.

Ölkəmizdə söz və mətbuat azadlığı  tam təmin olunub

Ulu Öndər Heydər Əliyevin  mətbuata və media  nümayəndələrinə göstərdiyi diqqət və qayğı 2003-cü ildən başlayaraq Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında dayandı. Bu gün əgər böyük inamla və əminliklə “Ölkəmizdə söz və mətbuat azadlığı  tam təmin olunub” söyləyiriksə, bu, dahi şəxsiyyət Heydər Əliyevin bugünümüzə və gələcəyimizə xidmət edən inkişaf strategiyasının uğurlu nəticəsidir.  Bu gün Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında liderliyini qoruyur. Ölkəmizdə xeyli sayda jurnalist təşkilatları fəaliyyət göstərir.  Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və məlumat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”

Milli mətbuatın ildönümlərinin ölkədə geniş qeyd olunması, KİV-lərə maliyyə yardımlarının göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və media işçilərinə qayğının tərkib hissəsidir. Hazırda ölkədə  çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, elektron media inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Mediamız vətənpərvərlik, birlik,  həmrəylik nümunəsi ortaya qoydu

Təbii ki, digər sahələr kimi, mətbuat sahəsində də təkmil islahatlar dövrün çağırışlarına uyğun olaraq  həyata keçirilir. Son 21 ildən artıq dövrdə Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində dayanıqlı inkişafı, ölkəmizin imza atdığı möhtəşəm uğurlar göz qabağındadır. Bu gün qalib Azərbaycanın  mətbuatının inkişafından, hədəflərindən bəhs etməyimiz bizim üçün böyük xoşbəxlik, sonsuz qürurdur. Azərbaycan 44 günlük İkinci Qarabağ  müharibəsində şanlı Zəfərə imza ataraq, 2023-cü ilin sentyabrında bir günlük lokal  antiterror tədbrləri nəticəsində suverenliyini tam bərpa edərək yeni dövrə qədəm qoydu. Müharibənin gedişi  dövründə mediamız   əsl vətənpərvərlik, birlik,  həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdi, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratdı. Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması təmin edildi. 30 illik işğal dövrünün reallıqlarını ölkə və dünya ictimaiyyətinə çatdırarkən mətbuatımız hər zaman bu istəklə, amalla çalışırdı ki, torpaqlarımızın azad edilməsinin müjdəçisi olsun.

Beş il bundan öncə bu sevinci yaşayan mətbu orqanlar arasında rəhbərlik etdiyim “İki sahil” qəzetinin də olması hər bir əməkdaşımızı qürurlandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günün hər anını tariximizə Zəfər səhifəsi kimi yazması  mətbu orqanların  manşetini bəzədi. Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirən amillər sırasında mühüm yer tutan informasiya cəbhəsində üstünlüyümüzün qorunmasında  mediamızın rolu inkaredilməzdir.   Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin bariz nümunəsidir.  Müharibənin gedişi dövründə  informasiya cəbhəsində aparılan fəal mübarizədə ən böyük missiyanı Ali Baş Komandan İlham Əliyev  reallaşdırdı. Onun 30-dan çox xarici mətbuata müsahibələrinin hər biri bugünümüz və gələcəyimiz üçün yol xəritəsi, dünənimiz üçün isə zəngin mənbə oldu. Prezident İlham Əliyev müharibəni qaçıqlmaz edən bütün reallıqları əsaslı şəkildə  beynəlxalq ictimaiyyətə çatdırdı. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda “Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!” söyləyərək bu arzunu ifadə etdi ki, bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Mətbuat  bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Hazırda azad edilmiş ərazilərimizdə geni miqyas alan bərpa-quruculuq işləri, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı  mediada geniş şərh edilir. Bu gün qürurla Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsindən, diplomatik mərkəzə çevrilməsindən bəhs edirik.  Azad Şuşa, Laçın, Ağdam, Zəngilan, Xankəndi beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunu bir daha dünyaya çatdırır.

Qlobal Media Forumu Azərbaycan reallıqlarının təbliğində mühüm platformadır

Tarixi Zəfərimizdən sonra azad Şuşada keçirilməsi artıq ənənə halını alan Qlobal Media Forumu da bu tədbirlər silsiləsindəndir. Qlobal Media Forumu Azərbaycan reallıqlarının təbliğində mühüm platformadır. Dövlət başçısı İlham Əliyevin Forumda çıxışı, çoxsaylı xarici mətbuat nümayəndələrinin suallarını cavablandırması Azərbaycanın tarixi Zəfərindən və suverenliyinin bərpasından sonra yaratdığı reallıqlar fonunda regionda və dünya siyasətində rolunun, möhkəmlənən mövqeyinin aydın mənzərəsini yaradır. 2023-cü ildə Şuşa şəhəri  müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Ötən il keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu Forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir: “Deyərdim ki, mən ötən Forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, – bu, ötən ilin sentyabrında baş verdi, – ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci Forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu.”  İldən-ilə Forumun iştirakçılarının sayında artım tədbirin əhəmiyyətini və önəmini açıqlayır. Qeyd edək ki, ötən il  50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu  Foruma qatıldı.

Media sahəsində uğurlu islahatlar

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirdi. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə media sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparıldı. “Media haqqında” yeni Qanun qəbul olundu.  Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyinin yaradılması, eyni zamanda, “Media haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində islahatların daha sürətlə və mütəşəkkil aparılmasına imkan verir.

“Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.

 Azərbaycan-Türkiyə Ortaq Media Platforması

Tarixi Zəfərimizin reallıqları əsasında Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlığın yaradılmasını da xüsusi qeyd etməliyik. 2020-ci ilin dekabrında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” imzalanan  Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən ratifikasiya edildi.  Razılaşmaya əsasən, iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Ortaq Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edildi. Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması və sair kimi hədəflər Ortaq Media Platformasının yaradılmasını şərtləndirən mühüm  amillərdir. Azərbaycana və qardaş Türkiyəyə qarşı əsassız iddiaların irəli sürüldüyü, əks təbliğat kampaniyasının daha da gücləndirildiyi  bir zamanda belə bir addımın atılmasına böyük ehtiyac var idi.

Müasir dövr Azərbaycan mediası qarşısında yeni vəzifələr qoyur

Təbii ki, hər dövrün öz çağırışları vardır. Dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni hədəflər və vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının artırılması, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Bayram ərəfəsində mətbuat tariximizə baxış qarşımızda dayanan əsas tələbdir. İctimaiyyətin  bütün dövrlərdə mətbuatdan gözləntiləri zamana görə dəyişir. Onların informasiya tələbatını  hər bir media orqanı üzərinə düşən məsuliyyəti ədalətə, obyektivliyə, qərəzsizliyə söykənərək təqdim etdiyi məlumatlarla ödəməlidir.  Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Bayramınız mübarək, əziz həmkarlar!

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı, Əməkdar jurnalist


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki