Ukraynanın qərbində yerləşən Lvov vilayətinə Rusiyanın endirdiyi hava zərbələrindən sonra Polşa öz hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə qırıcı təyyarələrini havaya qaldırıb.Vətəninfo.az xəbər verir ki, bu barədə BBC News Polşa hərbi strukturlarına istinadən məlumat yayıb.
Bildirilir ki, bölgədə gərginliyin artması fonunda NATO müttəfiqlərinə məxsus döyüş təyyarələri də regiona yerləşdirilib.
Lvov vilayətinin qubernatoru Maksym Kozytsky yerli mediaya açıqlamasında bildirib ki, Rusiya tərəfindən həyata keçirilən son hücum nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb.
Bununla yanaşı, Rusiya ordusunun Ukraynanın enerji infrastrukturunu hədəfə aldığı bildirilir. Xüsusilə, Zaporojye vilayətində yerləşən elektrik stansiyalarından biri gecə saatlarında hücuma məruz qalıb və ciddi zədələnib. Şəhər meri hücum nəticəsində bir nəfərin həlak olduğunu, 73 mindən çox sakinin isə elektrik enerjisiz qaldığını açıqlayıb.