image-img-20250225-wa0036backend

Azərbaycan-Pakistan əməkdaşlığında yeni mərhələ

image-reklam_sirab_01

Fevralın 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Bu səfər çəçivəsində iki ölkə arasında milyardlarla dollarlıq sazişlər imzalanib. Əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir.

Qeyd edilməlidir ki, Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq, həmçinin ortaq tarix, mədəni və dini dəyərlər prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Məsələn, beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən Pakistan istər İkinci Qarabağ müharibəsində, istərsə də ordumuzun Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdiyi lokal antiterror tədbirləri zamanı siyasi, mənəvi dəstəyi ilə ölkəmizin haqq işini müdafiə edib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib”.
Azərbaycanla Ermənistan arasında yaşanan problemlər ucbatından Pakistan bu günə kimi təcavüzkar ölkə ilə diplomatik əlaqələr qurmayıb və bu ölkənin müstəqilliyini tanımayıb. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dəfələrlə vurğulayıb ki, yalnız Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bu məsələyə baxıla bilər. Bu isə o deməkdir ki, Pakistan sıx dostluq və qardaşlıq əlaqələri qurduğu Azərbaycana olduqca həssas yanaşır. Yeri gəlmişkən onu da bildirək ki, son illər ölkəmizlə ticarət dövriyyəsini artıran Pakistan ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) layiqincə təmsil olunub. Bu tədbir çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub.
Azərbaycan və Pakistan Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini həmişə dəstəkləyib. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı ailəsinə qoşularaq, bu qurum çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə edib. Şübhəsiz, bunu hər şeydən əvvəl, Prezident İlham Əliyevin effektli xarici siyasətinin məntiqi nəticəsi olmaqla bərabər, həm də dövlətimizin çoxtərəfli və güclü diplomatiyasının uğuru kimi də dəyərləndirmək olar. Ona görə də bu, ölkəmizin siyasi arenasında 2024-cü ilin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirilib.
Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr 1991-ci ildə qurulub. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafını diqqət mərkəzində saxlayır. 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib. Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Həmin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.
Hazırda Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr, mədəni və humanitar münasibətlər strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. Digər tərəfdən, Pakistanla müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımız da genişlənməkdədir. Buna nümunə kimi, ötən il Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C çoxfunksiyalı təyyarələrini göstərmək olar.  Şübhəsiz, bu, iki ölkə arasındakı hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyinin bariz göstəricisidir.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan-Pakistan münasibətləri daha da inkişaf etməkdə və yeni əməkdaşlıq imkanları yaranmaqdadır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin bu səfəri də iki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsinə öz növbəti töhfəsini verəcəyi şəksizdir. Bu mənada əminliklə demək olar ki, bu səfər Azərbaycanla Pakistan arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyacaqdır.

Metin Hüseynov – siyasi sərhçi, politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image