“Hazırda Azərbaycanda 4 günlük iş rejiminə keçid məsələsi müzakirə obyekti deyil”.
Veteninfo.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasında əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir.
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ölkədə bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola və buna uyğun olan həftəlik normal iş vaxtının müddəti də 40 saatdan artıq müəyyən edilə bilməz.
Əmək Məcəlləsi iş yerindən, vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilir.
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Məcəllənin 107-ci maddəsinə əsasən, nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.