image-1backend

Azərbaycanda kərə yağı niyə BAHALAŞIB? – VACİB AÇIQLAMA

image-reklam_sirab_01

2025-ci ilin yanvarında Azərbaycana 18 milyon 106 min dollar dəyərində 2 601.80 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

2024-cü ilin eyni ayında isə Azərbaycana 5 milyon 442 min dollar dəyərində 1 022.47 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 2.5 dəfə, dəyər ifadəsilə 3.3 dəfə artıb.

Bundan əvvəl rəsmi qurumlar Azərbaycanda yağ istehsalının idxalı üstələdiyini açıqlamışdılar. Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin yanvar-noyabr aylarında ölkədə 26 min 890,6 ton kərə yağı istehsal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min 240,7 ton, başqa sözlə 9,1% çoxdur. 1 dekabr 2024-cü il tarixinə hazır yağ ehtiyatı 41,2 dəfə azalaraq 0,9 tona düşüb. Beləliklə, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 487,6 ton çox olub.

Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 21.95 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.25 manat, ümumi orta qiyməti 21.38 manat təşkil edib.

İstehsal artıbsa, idxalımız niyə 3 dəfədən çox artıb? İdxaldan niyə bu qədər asılıyıq? Ümumiyyətlə, kərə yağının qiyməti ötən illə müqayisədə də xeyli artıb, bahalaşmanın səbəbi nədir?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı  fikirlərini açıqlayıb:

“İstehsal dedikdə burada qablaşdırma da nəzərə alınır. Misal üçün, yağın xammalı gətirilir, burada qablaşdırırlar, öz paketlərinə yerləşdirirlər və öz istehsalları kimi təqdim edilir. Yəni yerli istehsalımız çox aşağı səviyyədədir. Hər dəfə deyirik, ətin qiymətinin bahalaşmasının səbəblərindən biri də heyvanların sayının azalmasıdır. Düzdür, südçülük mal-qarası başqadır, ətçilik isə başqadır. Bizim özümüzün elə böyük heyvan təsərrüfatlarımız yoxdur, deyək ki, bunlardan süd alınsa, süddən pendir istehsal edək, qaymaq hazırlayaq və sair.

Məşhur pendir istehsal edən zavodlar da pendiri təbii süddən yox, süd tozundan hazırlayırlar. Az sayda yerli və keyfiyyətli məhsullar təbii süddən hazırlanır, əksəriyyəti isə süd tozundan istifadə edir. Dediyim kimi, bir çox yerli yağ istehsalçılarımız qablaşdırma ilə məşğuldur. Yağ hazır formada gəlir, burada emal edilir, məhsul formasına salınır, qablaşdırılır və satışa təqdim edilir. Ona görə idxal da, istehsal da artıb, çünki bu şəkildə istehsal etdiklərini idxal edirlər”.

İqtisadçı kərə yağının qiymətinin bahalaşmasına da münasibət bildirib:

“Keçən il 14 ay ardıcıl olaraq dünyada yağ qiymətlərində, ağartı məhsullarının qiymətlərində bahalaşma müşahidə edildi. Yağ məhsulları ölkəmizə əsasən 3 istiqamətdən idxal olunur. Birinci istiqamət Okeaniya bölgəsidir – Yeni Zelandiya və Avstraliyadan gətirilir. Orada heyvandarlıq yaxşı inkişaf edib. İkinci istiqamət isə MDB məkanıdır – Rusiya və Belarus. Üçüncü istiqamət Qərbi Avropa ölkələridir – Fransa, Niderland. Yəni hər 3 istiqamətdə dünyada yağ qiymətlərinin bahalaşması müşahidə olundu və təbii ki, bu, bizim bazarlara da təsir göstərdi.

Dünyada qiymətlər niyə bahalaşdı? Çünki tələbat çox idi. Hazırda isə stabilləşmə var. Amma bu bahalaşma uzun müddət, noyabrdan etibarən bir ildən çox davam etdi və qlobal səviyyədə təsirini göstərdi. Buna görə bizim bazara da təsir etdi”.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image