Müasir müstəqil Azərbaycanın uğurlu inkişaf modeli, keçdiyi tərəqqi yolu və müxtəlif sahələrdə qazandığı zəngin təcrübə bu gün bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir.
Möhkəm təmələ əsaslanan iqtisadi dayaqların formalaşdırılması, təbii enerji resurslarından səmərəli istifadənin təmin olunması, “Neft kapitalının insan kapitalına” çevrilməsi, beynəlxalq müstəvidə tərəfdaşlıq münasibətlərinin qurulması, həmçinin müdafiə potensialının gücləndirilməsi, vətəndaşlara xidmət sahələrində Azərbaycanın əldə etdiyi zəngin təcrübə inkişaf etməkdə olan ölkələr üçün yaxşı nümunədir. Bu baxımdan Azərbaycan ilə əməkdaşlıq zəngin resursları və böyük potensialı olan Qvineya-Bisau üçün mühüm önəm daşıyır.
Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni dövrün başlanğıcı hesab oluna bilər. İmzalanmış sənədlər də hər iki ölkənin əlaqələrini bir çox sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu razılaşmalar perspektiv əməkdaşlıq üçün əsaslı zəmin yaradır.
Qvineya-Bisau Prezidenti ölkəmizə səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun ölkəmizə səfəri tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Görüşlər zamanı ikitərəfli gündəliyə aid olan mühüm məsələlər müzakirə edilib və tərəfdaşlığın bütün sahələrdə gücləndirilməsi ilə bağlı razılığa gəlinib. Ölkəmiz artıq bir çox ölkələrə sərmayələr yatırıb. Həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradılıb.
Vətən müharibəsi və antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, ölkəmizin müdafiə qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan müdafiə sənayesi sahəsində ciddi uğurlara imza atıb. Yerli istehsal müəssisələrində hazırlanan silah-sursat və texnikalar Vətən müharibəsi dövründə geniş istifadə edildi.
Ölkə başçısı mətbuat üşün bəyanatında qeyd etdi ki, “Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətlərini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab Prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun”.
Bu gün böyük qürurla deyə bilərik ki, Azərbaycanın “ASAN xidmət” brendi dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur. Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsi, yeni və müasir yanaşmaların tətbiqi, sosial innovasiyalar üzrə reallaşdırılan layihələr bu nümunəvi modeli beynəlxalq təsisatlar və ölkələr üçün cəlbedici edir. Bu xüsusda, Qvineya-Bisau “ASAN xidmət” təcrübəsinin tətbiqi iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək.
Bu gün Azərbaycan- Qvineya-Bisau əməkdaşlığı böyük perspektiv vəd edir və ümid edirik ki, qarşılıqlı faydalı əlaqələr gələcəkdə daha fərqli sahələri əhatə edəcəkdir.
Türkan Cümşüdova – YAP üzvü