image-1backend

Azərbaycanın xarici siyasət prioritetləri qlobal çağırışlar və geostrateji reallıqlara uyğundur

image-reklam_sirab_01

Asif Əsgərov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində həm daxili, həm də xarici siyasətlə bağlı mühüm məsələlərə toxundu. Müsahibədə xüsusilə Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və strateji tərəfdaşlarla əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan addımların önəmi qeyd edildi.

Bu kontekstdə Avropa İttifaqı ilə münasibətlərdəki bəzi neqativ məqamlar xüsusi diqqəti cəlb edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olsa da, regional siyasətdə tarazlığı qorumaması, daha çox Ermənistanın maraqlarından çıxış etməsi, bu dövlətə hərbi yardım ayırması kimi məqamlar birmənalı qarşılana bilməz. Cənab İlham Əliyev bildirdi ki, Avropa Komissiyası ilə münasibətlərin necə inkişaf edəcəyini söyləmək çətindir: “Ötən il məyusluqla dolu bir il oldu. Belə ki, məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu. Sizin də yaxşı bildiyiniz çoxlu fakt var. Əlbəttə, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı. Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi”.

Münasibətlərdə yaranan bu problem Avropa İttifaqı qurumlarının qeyri-obyektiv mövqe tutması ilə bağlıdır. Azərbaycanın qanuni maraqlarını və razılığını almadan müşahidə missiyasının həm üzvlərinin sayının, həm də müddətinin artırılması, yumşaq desək, xoş niyyətdən xəbər vermir. Bu fakt həmin qüvvələrin Azərbaycanın tarixi qələbələrini və regionda yaratdığı yeni reallıqları həzm edə bilməmələrinin göstəricisidir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ilə münasibətlərdəki bu narazılıqlar gələcəkdə daha konstruktiv və qarşılıqlı etimada əsaslanan əlaqələrin qurulmasına maneə törədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, sadəcə, Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirmək lazımdır.

Müsahibədə diqqət çəkən bir digər mövzu isə Fransanın neokolonial siyasətinə qarşı mübarizə oldu. Dövlət başçısı Azərbaycanın digər kiçik və müstəqil dövlətlərin yanında olduğunu, həmçinin bu ölkələrin hüquqlarını müdafiə etməyi özünün mənəvi borcu saydığını bildirdi. Bu fəaliyyətlər Azərbaycan dövlətinin əsl humanist prinsiplər əsasında hərəkət etdiyini göstərir. Azərbaycan neokolonial siyasətin davam etdiyi müddət ərzində bu xalqların yanında olacağını bəyan edərək, beynəlxalq münasibətlərdə ədalətli mövqeyini daha da gücləndirir.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq siyasətinə dair strateji baxışları əks etdirir. Dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını qorumaqda qətiyyətli olduğunu bir daha nümayiş etdirdi. Bu amil Azərbaycanın dünya siyasətində rolunun artması və dövlətin uzunmüddətli strateji maraqlarının təmin edilməsində mühüm əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image