fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Vətəninfo.az xəbər verir ki,bu haqda Qazaxıstanın “https://tengrinews.kz” saytı məlumat yayıb.
Məlumatda deyilir ki, tədbirdə azərbaycanlı biznesmen Amil Yusifov aviaqəzada həlak olan qazaxıstanlıların ailələrinə yardım edib. Sahibkar həlak olan qazaxıstanlıların yaxınlarına Almatıda yeni yaşayış kompleksində beş ikiotaqlı mənzilin açarlarını təqdim edib.
Bundan başqa, xeyriyyəçi Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, Aktau xəstəxanasına və təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə edib.
Yusifov qeyd edib ki, Qazaxıstanda uğurla bizneslə məşğul olur və qardaş xalqa dəstək göstərməyi özünə borc bilir.
Həlak olanların yaxınları və zərərçəkmişlərə yardım göstərilməsində iştirak edən müəssisələrin əməkdaşları azərbaycanlı sahibkara təşəkkür ediblər.