image-reklam-veteninfo
image-untitled-1-1795074046524429575backend

Bakıda gənc ailənin mənzil arzusu dələduzluğa qurban getdi – Tikinti şirkətindən şikayət

image-reklam-veteninfo

Daha bir vətəndaş “İnşaat Konstruksiyaları” MMC-nin dələduzluq əməllərinin qurbanına çevrilib.

Bu barədə Qaynarinfo-ya daxil olan şikayətdə bildirilir.

Belə ki, adıçəkilən MMC-nin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında tikdiyi binadan övladı üçün birotaqlı mənzil alan Əyubov Allahyar Yusif oğlu sonradan həmin mənzilin bir neçə nəfərə satıldığını öyrənib.

“Hər bir gənc ailə kimi, mənzil sahibi olmaq ən böyük arzumuz idi. Bu arzumuza çatmaq üçün illər uzunu bütün imkanlarımızı səfərbər etmişik, sonda isə məlum oldu ki, “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Rauf Əliyev adlı şəxsin acgözlüyü, tamahkarlığı səbəbindən mənzil arzumuz elə arzu olaraq da qalıb”, – deyə şikayətçi bildirib.

“Başımıza gələn bu dələduzluq hadisəsindən sonra öyrəndik ki, Rauf Əliyevin aldatdığı başqa vətəndaşlar da var və həmin şəxsdən çox yüksək instansiyalara şikayətlər edilib. Deyilənə görə, haqqında cinayət işi də açılıb. Lakin hansısa səbəbdən indiyədək cəzalandırılmayıb. Özünün dediyinə görə, güclü himayədarı var, odur ki, kimsə ona bata bilmir. Rauf Əliyev həmin himayədarının adını gizlətmir, bu səbəbdən onun kimliyi bizə də məlumdur. Lakin biz hüquqi dövlətdə yaşayırıq və ola bilsin, Rauf Əliyev sadəcə kimlərinsə adından sui-istifadə edərək cinayət məsuliyyətindən yayınmağa çalışır. Ona görə də hələlik bu barədə nəsə demək, ad çəkmək istəmirik. Hər bir halda inanırıq ki, hüquq-mühafizə orqanları “İnşaat Konstruksiyaları” MMC rəhbərinin qanunsuz əməllərinə layiqli qiymət verəcək və biz qəsb edilmiş haqqımızı, faktiki olaraq mənimsənilən pullarımızı geri alacağıq”, – şikayətçi vurğulayıb.

“Narahatlıq doğuran məqam ondadır ki, çox sayda insanı aldadan bu dələduz haqqında cinayət işi açılmasına baxmayaraq, hələ də azadlıqda gəzir. Bu da azmış kimi, yenə bina tikib insanları aldatmaqda davam edir. Nəticədə onun cinayətkar əməllərinin qurbanına çevrilən şəxslərdə sual yaranır ki, doğrudanmı, yüzlərlə vətəndaşın başına oyun açan Rauf Əliyevin hansısa vəzifəli himayədarı var? Hörmətli Prezidentimiz dəfələrlə çıxışlarında bəyan edib ki, heç bir məmur qanunlardan yuxarı və toxunulmaz deyil. Maraqlıdır: ölkə başçısının bu ciddi xəbərdarlığına baxmayaraq, bir məmur özündə Rauf Əliyevi himayə etmək cəsarətini haradan tapa bilər?” – şikayətçi məktubunda sual edib.

Şikayətçi sonda Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan gənc bir ailənin üzləşdiyi ədalətsizliyin aradan qaldırılmasına köməklik göstərilməsini, minbir əziyyətlə qazandığı və kimliyi məlum şəxslərin dələduzluğu səbəbindən mənimsənilmiş vəsaitinin geri qaytarılması üçün əlaqədar qurumlara göstəriş verilməsini xahiş edib.

Xatırladaq ki, “İnşaat Konstruksiyaları” MMC ilə bağlı müxtəlif qalmaqallar bir neçə ildir davam edir. Baş Prokurorluğun 27 may 2025-ci il tarixli açıqlamasına əsasən, şirkətin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında inşa etdiyi binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxs müəyyən edilib. Vətəndaşlara vurulmuş ziyanın ümumi məbləği 12 milyon manatdan artıq olub. İbtidai istintaq dövründə 153 şəxsə 9 milyon manatdan artıq vəsaitin qaytarılması təmin edilib. Bundan başqa, şirkətin vəzifəli şəxsləri ilə bağlı ayrıca icraata ayrılmış digər cinayət işi üzrə daha 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.

Həmin vaxt Baş Prokurorluq “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaqın 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini də açıqlayıb.

Bundan başqa, şirkətin Nizami rayonu, Mehdi Abbasov küçəsi 25/38 ünvanında tikdiyi binadan mənzil alan təxminən 240 nəfərin də vaxtında evlərinə köçə bilmədiyi barədə məlumatlar yayılıb. Məlumata görə, tikintiyə 2017-ci ilin avqustunda başlanılıb və binanın 2019-cu ilin avqustunda təhvil verilməsi nəzərdə tutulub. Lakin tikinti gecikib. Sakinlər şirkət rəhbərliyindən dəfələrlə vədlər alsalar da, problemlərin həll olunmadığını bildiriblər. Bəzi sakinlər eyni mənzillərin bir neçə nəfərə satıldığını da iddia ediblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki