Bakının simvollarından biri olan Bayraq Meydanında Azərbaycanın üçrəngli dövlət bayrağı küləyin gücünə tab gətirməyərək cırılıb.
Yenicag.az xəbər verir ki, sözügedən vəziyyət sosial şəbəkələrdə viral olub.
Maraqlıdır ki, hadisənin saatlardır baş verməsinə baxmayaraq, məsul qurumlar hələ də heç bir tədbir görməyib. Bayrağın cırıq halda dalğalanması isə həm vizual olaraq xoşagəlməz mənzərə yaradır, həm də dövlət rəmzlərinə olan münasibət baxımından ciddi suallar doğurur.
Sosial şəbəkə istifadəçiləri isə məsuliyyətli orqanların – Bulvar İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumların biganəliyini tənqid edərək, bayrağın dərhal dəyişdirilməsini tələb edirlər.
Qeyd edək ki, Bayraq Meydanı Azərbaycanın müstəqillik simvollarından biri hesab olunur və burada dalğalanan bayraq dünyanın ən böyük bayraqlarından biridir. Belə bir vacib rəmzin bu vəziyyətdə saxlanılması məsuliyyətli qurumlar üçün utancverici hal kimi qiymətləndirilir.
Aidiyyəti orqanlardan məsələyə hələ ki reaksiya verilməyib.