Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, maliyyə nazirinin müavini Ruslan Tatikov, həmçinin Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini Jandildə Jakupovun rəhbərlik etdiyi nümayəndə heyətləri ölkəmizə rəsmi səfərləri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Ruslan Tatikov ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Həmçinin 2024-cü ilin 24 aprel tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun həyata keçirilməsinə dair müzakirələr aparılıb.