image-img_9161backend

Biz tərəflərdə “Tərəkəmə”nin bir sakit, bir orta, bir də daha ritmik versiyası vardı-ÇİNGİZ ÖZGÜR YAZIR

image-reklam_sirab_01

Son günlər fərqli sosial şəbəkələrdə tez-tez çıxır qabağıma. Kimisi öz toyunda oynuyur, kimisi Maldiv adalarında, kimisi də Amerikanın düz göbəyində. Oynuyanların böyük əksəriyyəti əslən qardaş Türkiyənin Qars vilayətindən olan tərəkəmələrdi.

Mahnının adı da elə TƏRƏKƏMƏdi! Adamı alıb götürən, qulağına sözlər pıçıldayıb, gözünə mənzərələr gətirən “TƏRƏKƏMƏ.”
Biz tərəflərdə “Tərəkəmə”nin bir sakit, bir orta, bir də daha ritmik versiyası vardı, sonuncuna “dəli tərəkəmə” deyirdilər.
(Bizdən fərqli olaraq, “Qars tərəkəmə”sinin sözləri də var, elə musiqisi kimi axıcı
“Sazını alar, tarını çalar, oynayar qızlar tərəkəmə…”)
Tərəkəmənin cəmi ikicə notu kifayətdir ki, adam öz uşaqlığına qayıtsın. Sonrakı notları eşitdikcə xəyalın ardıcıl olaraq mənzərələri düzür:
Uca-uca dağların lap qoynunda, yamyaşıl ağacların arasında çəmənə qurulmuş toy mağarı. Mağarın yaxınında səhər obaşdan salınmış, qaynayan “ellik samovarlar”dan çıxan buğun hənirtisi. Bir xeyli aralıda çatılmış ocaxlar üstə düzülmüş qazanlardan gələn əsrarəngiz iylər…
Günortaya az qalıb. Səhər tezdən çalınan ilk havayla toyxanaya toplaşan uşaqlardan, gənclərdən fərqli olaraq ahıllar və ağsaqqallar indi-indi gəlməkdədir. Xüsusi ehtiramla toyxananın girişində qarşılanıb, stollara otuzdurur toy sahibləri bu əziz qonaqları. Oturan kimi qarşısına pürrəngi çay gəlir. Yaşlılar gəldikcə heç kəs heç nə demədən, işarə belə verilmədən cavanlar qalxır, kənara çəkilir. Toyxanaya daxil olan hər bir ağsaqqalla toy sahibinin məsuliyyəti sanki bir az da artır. “Orta adamına” üzünü tutur, amma heç nə deməyə ehtiyac olmaz, hərə öz işini yaxşı bilir. Ələlxüsus da toybəyi.
Ağsaqqalların cərgələrinin tamamlanması ilə sanki əsil toy başlayar. Kənardan toyu seyr edən qadınlar-qızlar yaşmağına, örpəyinə düzən verər. Gənclər bayaxdan damaxlarına qoyub rahat çəkdikləri siqaretləri ovcunun içində, gizli-gizli çəkər, qaçdı-qovdu oynayan uşaqlar bir anda sakitləşər. Musiqiçilər özlərinə fikir verər. Nağaraçı nağaranın iplərini dartar, qoşa nağaraçalan daha yaxşı çubuqlar seçər, qarmonçalan mikrafonu qarmona daha yaxın gətirər…
Toybəyi ayağa qalxıb işarəni verir, TƏRƏKƏMƏ asta-asta çalınmağa başlayır. Toy mağarını dörd dolanan toybəyi ağsaqqalların qabağına şabaş düzür. Ağsaqqalar şabaşı götürüb ortaya girir. Xüsusən toy-nişan üçün geyilən pencəklərin qabağının düyməsi açılar, toy- nişan üçün qoyulan papağa əl gəzdirib, Məşədi İbad sayağı daha yaxşı qoyulmağa çalışırlar. Bir-bir ortaya gələn ahıllar qol qaldırıb asta-asta süzür. TƏRƏKƏMƏ bir az sürətli çalınmağa başlıyır. Gənclər girib şabaş verib çıxır, toy yiyəsi ortaya gəlib qol qaldırır. Tezləşən ritmlə kiminin “ürəyi”, kimin “təzyiqi” yadına düşər, dayanar. Davam edənlər toyxananın eninə, uzununa süzür. Məclisin bu qızışan anında toybəyi “DƏLİ TƏRƏKƏMƏ” deyir, ritm yüksələr, ortada adam seyrəlir, ama bütün hallarda sonacan davam edən azı 2-3 ağsaqqal sonda əlini qaldırıb bütün məclisi salamlayır, yerinə keçib əyləşir.
Hə, indi ta vaxtdı, BƏYi oynatmaq olar…
İndi şəbəkələrdə qarşıma çıxan “Tərəkəmə” sədası mənimçün bunları deyir. Tək bunları yox, daha nələri, nələri…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image