Azərbaycanda akkreditasiyadan keçmiş diplomatların (söhbət 58 ölkənin təmsilçilərindən gedir!) Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini ciddi şəkildə qəzəbləndirib. Xüsusilə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, Fransanın səfiri və Avropanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin işğaldan azad edilmiş ərazilərdə, Azərbaycanın yanında olması Ermənistanda böyük həyəcana səbəb olub. Amma mən indi keçmiş işğalçı və bugünkü kapitulyant-Ermənistanın həyəcanı mövzusuna toxunmayacağam. Qoy bu dəfə diqqətimiz Qarabağa və Şərqi Zəngəzura səfəri müşayiət etmiş media heyətinin tərkibində olan bloqerlərdə (məs. Kamran Razmovarda!) olsun. Ona görə ki, erməni mənbələri daha çox bloqer paylaşımlarını tirajlayırlar. Etiraf edək ki, ABŞ-ın, Fransanın Azərbaycandakı təmsilçilərini, elə Hindistanın səfirini və yalançı “tarix məxəzini” də ustalıqla işıq üzünə çıxarmağı Kamran kimi bloqer bacardı. Bəli, diplomatların Qarabağa və Şərqi Zəngəzura səs-sədalı səfəri ətrafındakı ajiotajı məhz bloqerlərin işıqlandırması yaratmışdı; həm Azərbaycanda, həm Ermənistanda. Azərbaycanda o mənada ki mediamızın bəzi “köhnə kişiləri” və bir sıra “köhnə qadınları” “axı niyə?”, “axı nə üçün?” sualları üzərində baş sındırırdı. Ermənistan mediası isə tənqid hədəfinə çevirdiyi iri çaplı diplomatların üzərinə gedəndə elə həmin bloqerlərin paylaşımlarına, səfirlərlə məhz onlarln söhbətinə istinad edirdi. Mühüm məlumatların, vacib mesajların daha operativ, daha sadə tərzdə çatdırılması baxımından bloqerlər çox yaxşı işlədilər! Əlbəttə, peşəkarlıq sarıdan ənənəvi media ilə ( məs. Vəfa Həmzəyeva ilə!) müqayisə etmirik. Buna heç ehtiyac da yoxdur. Əsas olanı lazımi mesajları çatdırmaq idi ki o da alındı. Bloqerlər belə ciddi səmtdə ilk addımlarını bu ilin iyul ayında Şuşa Forumunda atmışdılar. O zaman mediamızın tərkibinin yeni, rəqəmsal platformalarda özünəməxsus auditoriyaya malik olan qüvvələr hesabına güclənməyə başladığını ilk dəfə görürdük. Bu dəfə isə ciddi nəticə artıq göz qabağındadır. Ermənistanın və ermənipərəstlərin resursları məhz bloqerimizin gücünü gördülər. Belə. Sabah daha yaxşı olacaq. Həm də rəqabət baxımından! TV uduza bilməz! Uduzmağa haqqımız yoxdur. Amma ənənəvi media da artıq başqalaşmalıdır və başqalaşacaq! Yenilənməyə məcburuq! Böyük və ağır yox, yığcam və cəld olnalıyıq! Geri çəkilmək olmaz! Arxada Böyük Jurnalistikadır. Biz bir-birimizdən yox, bir-birimizlə güclü olmağı seçməliyik!


























