image-qizil-yatagibackend

Britaniya şirkəti Qarabağdakı yataqlarına giriş istəyir

image-reklam_sirab_01

Britaniyanın Anglo Asian Mining PLC şirkətinin yüksək vəzifəli nümayəndələri BMT-yə, ABŞ Dövlət Departamentinə, Britaniya Xarici İşlər Nazirliyinə və Avropa İttifaqına ünvanlandıqları məktubda Qarabağdakı Qızılbulaq və Dəmirli mədənlərindəki legitim biznes hüquqlarının təmin olunmasında kömək istəyib.

Xəbər verildiyinə görə məktubda habelə şirkət nümayəndələrinə sözü gedən mədənlərə təhlükəsiz giriş verilməsi xahiş edilir.

Şirkət bundan əvvəl oxşar məzmunlu məktubu sözü gedən instansiyalara 2006-cı ildə göndərmişdi.

Sülhməramlıların nəzarətindəki zona

Bu da qeyd olunur ki, Azərbaycandakı əsas aktivləri ilə yanaşı Anglo Asian Mining Qarabağ bölgəsində iki kontrakt sahəsinə sahibdir.

Qızılbulaq mis-qızıl və Dəmirli mis-molibden yataqları hazırda Rusiya sülhməramlılarının nəzarətində olan zonaya düşür.

Şirkətin məktubunda deyilir ki, erməni şirkətləri bu mədənlərdə qanunsuz fəaliyyətlə məşğuldur və yataqların qanunsuz istismarını davam etdirir:

“Hazırda bu iki yataq Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasındadır, erməni şirkətləri və başqa şirkətlər mədənlərdə qızılın və başqa faydalı qazıntıların qanunsuz çıxarılması ilə məşğuldur”.

Zəngin yataqlar

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır ki, Azərbaycan hakimiyyəti hələ 25 il bundan əvvəl Qarabağdakı bir sıra yataqların istismar hüququnu Anglo Asian Mining şirkətinə satıb.

Anglo Asian Mining PLC Mərkəzi Asiya regionunda qızıl, mis və gümüş istehsalçısıdır və Azərbaycanda da geniş istehsal portfelinə malikdir.

Azərbaycan Milli Məclisi 2022-ci ilin 5 iyulunda bu şirkətlə bağlanmış müqaviləyə dəyişiklikləri qəbul edib.

Bu dəyişikliklər şirkətə Qarabağdakı mis mədəni də daxil ümumi sahəsi 882 kvadrat kilometr olan 3 əlavə lisenziya verir.

Sovet vaxtlarının məlumatına görə Qarabağdakı mis yatağının həcmi 300 min tondur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki