image-1676016561_subat2023_dep2-1backend

“Bu, bütün türk dünyasının acısıdır”

image-reklam_sirab_01

Əziz Türkiyəm, sən tək deyilsən!

Türkiyədə baş vermiş zəlzələnin miqyası o qədər böyükdür ki, bütün dünyanın diqqətini özünə cəlb edib. Təbii fəlakət haqqında ilk məlumatın verildiyi andan Azərbaycan qardaş Türkiyəyə dayaq olmaq üçün hərəkətə keçdi. Bu ağır zamanda həm dövlət səviyyəsində, həm cəmiyyət səviyyəsində bütün Azərbaycan qardaş Türkiyənin yanındadır. Prezident İlham Əliyevin göstərişi ilə dövlətimiz tərəfindən Türkiyəyə hərtərəfli yardımlar olunur. Humanitar yardımlarla yanaşı həm də yüzlərlə xilasedicilər, həkimlər və digər texniki işçilər da təbii fəlakət zonasına göndərilib. Artıq Azərbaycan xilasediciləri tərəfindən insanların dağıntılar altından sağ çıxarılması haqqında məlumatlar da var. 1-ci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə H. Əliyev Fondu tərəfindən göndərilən yardımlar və yüzlərlə könüllülər artıq fəlakət zonasına çatdırılb.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və çoxsaylı vətəndaş cəmiyyəti təsisatları da yardımların təşkili üzrə təcili tədbirlər görürlər. Lakin yardım kampaniyaları bununla da məhdudlaşmır. Bu gün Azərbaycanda hamının ürəyi Türkiyə ilə döyünür. Hər bir Azərbaycan vətəndaşı bacardığı qədər və bacardığı şəkildə çətinliklə üzləşmiş qardaşlarımızın yardımına tələsir. Mülkündən, evlərindən və bütün imkanlarından məhrum olmuş Türkiyəli qardaşlarımıza adi məişət əşyalarından tutmuş sarğı materiallarına, dərman preparatlarına və maddi köməkliyə qədər hər cür yardımlar edilir. Bütün bu addımlar sadə insanların qəlbinin çağırışı ilə, heç bir elan və göstəriş olmadan atılır ki, bu da bizim sadəcə rəsmi sənədlərdə yox, ürəklərdə, qəlblərdə birliyimizin və həmrəyliyimizin təbii təzahürüdür. Bu həmrəylik Vətən müharibəsi zamanı gördüyümüz ümummilli həmrəyliyi xatırladır. Bu da əlbəttə təbiidir. İki dövləti olan bir millətin sevinci də, kədəri də birdir və hər iki ölkənin ərazisində belə ağır sınaq günlərində hər dəfə biz bunun şahidi oluruq.

Yardım kampaniyalarının miqyası da daim genişlənməkdədir. Artıq bütün türk ölkələrindən humanitar yardım karvanları Türkiyəyə göndərilir və bütün dünya türklüyü birlikdə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün səylər göstərir.

Türk xalqı öz tarixində çox ağır sınaqların öhdəsindən gəlib. Bu gün Türkiyə dövləti heç zaman olmadığı kimi güclüdür. Türkiyə hökümətinin həyata keçirdiyi təcili tədbirlər və məqsədyönlü fasiləsiz çalışmaları insan itkilərinin mümkün qədər azaldılmasına yönəlib. Şübhə yoxdur ki, bu təbii fəlakətin də nəticələri tezliklə aradan qaldırılacaq və zəlzələnin vurduğu yaralar sarılacaq. Zəlzələ nəticəsində dağılmış binaların, şəhərlərin yenidən tikilməsi üçün Türkiyə dövlətinin kifayət qədər gücü və siyasi iradəsi var. Lakin təəssüf ki, itirilmiş həyatları geri qaytarmaq mümkün deyil və bu hamımızı kədərləndirir.

Əziz Türkiyəm, sən tək deyilsən, bu acı bütün türk dünyasının acısıdır. Bütün türk dünyası bu ağır gündə sizinlə birlikdədir. Böyük türk xalqı bu sınaqdan da şərəflə çıxacaq.

Cavanşir Feyziyev
Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki