image-kolanlibackend

Bu, “Laçın dəhlizi”ndən Gorusa və Sisiana (Qarakilsəyə), oradan da…

image-reklam_sirab_01
image-elxan
Elxan Şükürlü-YAZIR
Bu, “Laçın dəhlizi”ndən Gorusa və Sisiana (Qarakilsəyə), oradan da bizim Şahbuz rayonuna keçən və Aralıq dənizi sahillərinədək uzanan magistral yolun kəndimizdən ötən hissəsidir.
Bu yol və ona paralel axan Naxçıvan çayı kəndimizi – gözəl Kolanımızı iki yerə ayırır.
Kəndimizin məskunlaşmasında və iqtisadi həyatında tarixən bu yolun çox böyük önəmi olub.
Bu, həm də yüz illər boyu Qarabağdan Naxçıvana, oradan qardaş Türkiyəyə ötüb gedən köhnə karvan yoludur.
Kəndimizin girişində axan dupduru “Karvan bulağı” da var və digər bulaqlardan fərqli olaraq, suyu heç vaxt qurumaz. İndi o bulağın üstündə kəndimizin hərbi mundirli 4 şəhidinin fotoları asılıb: baş leytenant Fuad Əlizadə 44 günlük Qarabağ savaşında elə “Laçın dəhlizi”ni nəzarətə götürmək üçün yollanan xüsusi qrupun tərkibində, kəşfiyyatçı İman Alməmmədovsa Şuşa yolunda şəhid olub; İlqar Məmmədxanlı I Qarabağ savaşında, Feyruz Məmmədovsa Əfqanıstan müharibəsində şəhid olub…
Vaxtilə kəndimizin Şərq çıxışında qədim karvansara da olubmuş, təəssüf ki, qorunub saxlanmayıb, yerində isə bağ salınıb…
Paytaxtımız Bakıdan avtomobilinə minən şəxs kəndimizin tən ortasından keçən bu yolla düz Avropaya – Aralıq dənizi sahillərinədək gedib çıxa və ya əks istiqamətə hərəkət edə bilər. Ta qədimdən SSRİ dağılanadək bu yol daim işlək vəziyyətdə olub və Şahbuz camaatı onları qədim Zəngəzura bağlayan bu yol vasitəsi ilə təkcə Sisian, Gorus və Qafanla deyil, həm də bütün Qarabağımızla sıx ticarət münasibətləri qurublar…
Bu gün Naxçıvanı Kəlbəcər və Laçın ərazisinə bağlayan ən qısa magistral da məhz bu gördüyünüz yoldur və Ermənistanla sərhədədək tam asfaltlanıb.
Yolun Ermənistan ərazisindən keçən hissəsi də istifadəyə tam yararlıdır, yalnız bir yerdə – “Əyriqar” postunun qarşısında ermənilər müdafiə məqsədiylə qazıntı aparıblar.
44 günlük Qarabağ savaşı dönəmində, elə indi də ermənilərin ən çox qorxduqları Ordumuzun Naxçıvandan hücum edərək Kəlbəcərə çıxması və Ermənistanın bütövlükdə cənubla, o cümlədən İranla əlaqələrini kəsə bilməsi imkanıdır. Çünki bizim Şahbuz dağlarından Kəlbəcər və Laçına hava məsafəsi cəmisi 18-20 km-dir…
Hazırda Ordumuzun Şahbuz və Laçın dağlarında yerləşən bölmələri çox rahat şəkildə Yerevandan gəlib Gorusa və Qafana gedən əsas magistrala göz müşahidəsini təmin edirlər, sərhədlərin delimitasiya edilməməsi isə gələcəkdə atəş məsafəsinin daha da qısaldılması imkanlarımızı xeyli artırır…
Məsafə yaxınlığına və gözəl təbiət mənzərəsinə görə minik avtomobilləri ilə Laçın – Gorus – Sisian – Şahbuz – Sədərək yoluyla hərəkət nə qədər cəlbedici və sərfəli olsa da, iri tonnajlı yük avtomobillərinin hərəkəti bu xətt üzrə çox çətindir. Xüsusən də dəniz səviyyəsindən 2400 m-dək yüksəklikdən keçən bu yolla oktyabrdan aprelədək hərəkət çox risklidir – “Biçənək aşırımı” ya qarla örtülü olar, ya da sıx dumanla…
Bununla belə, Naxçıvan camaatı bu yolun da tezliklə işə düşəcəyinə çox böyük ümid bəsləyir. Çünki bu yolun işləkliyi – Şərqin qapısının açılması iqtisadi və sosial həyatı yenidən canlandıracaq, sürətlə boşalan kəndlərimizə yeni nəfəs verərərk onlara qayıdışı sürətləndirəcək və əvvəlkindən də gur həyat yoluna çevriləcək…
Allah bizi tərəqqiyə götürən bütün yollarımızı həmişə açıq və uğurlu etsin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image