Geostrateji layihələr bütün dövrlərdə qlobal güclərin prioritet hədəflərindən biri olub və onların həyata keçirilməsi üçün səylər hər zaman göstərilib. Bu cür layihələrin reallaşması tarixi şəraitdən əhəmiyyətli dərəcədə asılıdır. Tarixi şərait isə kortəbii şəkildə ərsəyə gəlmir, bir çox amil onun formalaşmasında həlledici rol oynayır.
Orta Dəhliz və yeni strateji bağlantı qovşaqlarından biri kimi çıxış edən Zəngəzur dəhlizi belə layihələrdəndir. Hələ ötən əsrdə nüfuzlu beyin mərkəzləri və tanınmış siyasi nəzəriyyəçilər hesab edirdilər ki, Mərkəzi Asiyanı idarə edən qüvvə Avropa və Asiya kimi iki böyük qitəni- Avrasiya coğrafiyasını da idarə edəcək. Görkəmli dövlət xadimi Zbiqnev Bjezinskinin uzaqgörən proqnozlarından biri isə belə idi: “Vaxt gələcək, Azərbaycan böyük siyasətin şahmat lövhəsində mühüm strateji mərkəzə çevriləcək.
44 günlük Vətən müharibəsində və 2023-cü illin antiterror əməliyyatında əldə olunan tarixi nailiyyətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasını təmin etməklə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallığın əsasını qoydu. Tarixi Zəfərimizdən ötən altı il ərzində məlum siyasi mərkəzlərin təzyiqinə və çirkin qarayaxma kampaniyalarına baxmayaraq, Prezident İlham Əliyev dövlət və milli maraqlarımızdan bir addım belə geri çəkilmədi, əksinə, yeni reallığı hətta bədxahlarımıza da qəbul etdirə bildi. Təsadüfi deyil ki, dünyanın güc mərkəzləri Azərbaycanın Avrasiya coğrafiyasında mühüm strateji mərkəzlərdən birinə çevrildiyini nəinki etiraf edir, ölkəmizin iştirakı olmadan iki qitə arasında geoiqtisadi layihələrin reallaşa bilməyəcəyini də artıq qəbul edirlər.
2025-ci il noyabrın 16-da ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə yekdilliklə tamhüquqlu üzv qəbul edilməsi qərarının arxasında həm də Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıq dayanır. Prezident İlham Əliyevin sentyabrın 24-də ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alan bu fikirlər elə həmin gerçəkliyi əks etdirir: “Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi-TRIPP əlaqəlilik marşrutu kimi də tanınır-isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır”.
Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunması ilə “C5” formatı faktiki olaraq “C6” formatına çevrildi və bu, sıradan bir transformasiya prosesi kimi qiymətləndirilməməlidir. Həmin platforma Avrasiya kimi geostrateji coğrafiyada yeni əməkdaşlıq formatının yarandığını nümayiş etdirir. Onu digər platformalardan fərqləndirən əsas amillərdən biri onunla bağlıdır ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini iqtisadi-siyasi maraqlarla yanaşı, ortaq tarixi köklər, təbii qardaşlıq bağları, dil və din birliyi, ümumi adət-ənənələr birləşdirir. İkili standartlar siyasətinin, etnik və dini zəmində ayrı-seçkiliyin, İslamofobiya və türkofobiyanın tez-tez qabardıldığı müasir dünyada Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü kimi birləşdirici formatlar bu gün xüsusi çəkiyə malikdir. Liderlərin ortaq mövqeyi, ən yüksək səviyyədə qarşılıqlı etimad mühiti və dövlət başçılarının siyasi iradə əzmi əməkdaşlığın bütün istiqamətlər üzrə şaxələndirilməsinə tarixi fürsət yaradır.
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı səsləndirdiyi bu fikir də əməkdaşlığın genişləndirilərək dərinləşdirilməsinə edilən mühüm çağırışdır: “Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəliyyətimizin möhkəmlənməsinin təminatıdır”.
Azərbaycan və Mərkəzi Asiya ilə iqtisadi-siyasi əməkdaşlığa ilbəil artan qlobal marağı, bir sıra hallarda isə bu marağın geostrateji rəqabət amilinə çevrildiyini nəzərə alaraq, hamılıqla onu da bilməliyik ki, coğrafi üstünlüyümüzün, zəngin təbii resurslarımızın və ölkələrimizin geniş iqtisadi potensialının başağrısına deyil, xalqlarımızın ümumi rifahına və bütövlükdə Avrasiya məkanına fayda verməsinin əsas təminatı birliyimizin qorunmasından və daha da gücləndirilməsindən keçir.
Ülvi Quliyev,
Milli Məclisin deputatı


























